1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Respublika Seysmoloji Xidmət Mərkəzinin "Kompleks geokimya tədqiqatları" şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova vəfat edib.
Bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, R.Kərəmova uzun sürən xəstəlikdən sonra 77 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, R.Kərəmova 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji-kəşfiyyat fakültəsində "faydalı qazıntılar yataqlarının axtarışı və kəşfiyyatı" ixtisası üzrə ali təhsil alıb. Daha sonra həmin universitetdə "hidrogeologiya" ixtisası üzrə aspirantura oxuyub.
Bir neçə elmi əsərin müəllifi olan R.Kərəmova həm də Azərbaycan Seysmoloqların Assosiasiyasının üzvüdür.
1979-cu ildə Azərbaycanda ilk dəfə olaraq, R.Kərəmovanın rəhbərliyi altında güclü zəlzələlərin seysmik proqnozu məsələlərinin həlli üçün yeni elmi istiqamət - seysmogeokimya işlənməyə başlayıb və elmin üç sahəsinin - hidrogeologiya, geokimya və seysmologiya kəsişməsində yaradılıb. Xəzər akvatoriyasında, Azərbaycanın və həmsərhəd ölkələrin (Rusiya-Dağıstan, Gürcüstan, Ermənistan, Türkiyə, İran) ərazilərində seysmoflüidogeodinamik (SFGD) sahələrinə əsasən seysmik vəziyyətin operativ qiymətləndirilməsi üçün ilk dəfə olaraq "SEISMOGEOCHEMICAL on-line" texnologiyası yaradılıb. O, avtomatlaşdırılmış 4 ekspress-metodlardan ibarətdir. Riyazi düsturlar və proqram təminatı üçün alqoritmlər R. Kərəmova tərəfindən hazırlanıb.
R.Kərəmova tərəfindən SFGD monitorinqi əsasında geolojikəşfiyyat quyularının qazılması zamanı baş verən qəzaların qarşısının alınması üçün metod işləyib hazırlanıb.