Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə 2 mindən artıq yeri üç ildir təqdim edirlər və bir müəllim belə seçmir. Bu vakant yerlərə əsasən, ucqar rayonlarda olan məktəblər, rus sektorunda olan bəzi fənlər daxildir.
Bəs müəllimləri ucqar kəndlərdəki məktəblərdə işləməyə cəlb etmək üçün hansı proqram hazırlanmalıdır?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə əlaqədar keçmiş təhsil naziri Misir Mərdanov Redaktor.az-a açıqlama verdi.
O bildirdi ki, Azərbaycanın təhsil tarixində bu problem həmişə olub:
“Təbii olaraq, hamı istəyir ki, şəhərdə qalsın, rahat şəraitdə işləsin, buna görə də müəllimlər kəndlərə getmək istəmirlər. Mən işləyən dövrdə biz bir dövlət proqramı hazırlamışdıq və hökümət tərəfindən təsdiq olunmuşdu. Proqram ucqar kəndlərə getmək istəyən müəllimlərə hansı güzəştlərin edilə biləcəyi haqqında idi. Müəyyən güzəştlərlə biz bu məsələni tənzimləyə bilmişdik. Məsələn, kişi müəllim olanda onu əsgərlik xidmətindən azad edirdilər, buradan həmin kəndə getmək üçün yol haqqı verilirdi, evin kirayə pulu ödənilirdi, müəllimə həmin ərazidə torpaq sahəsi verilirdi. Mənim fikrimcə, bu, yenidən gündəmə gətirilməlidir. Əks halda ucqar kəndlərdə məktəb olacaq, ancaq təhsil olmayacaq, çünki müəllim yoxdur”.
Misir Mərdanov vurğuladı ki, ilk növbədə problemin özünü ortaya qoymaq lazımdır:
“Bilinməlidir ki, hansı kənddə hansı fəndən nə qədər müəllimə ehtiyac var. Respublika üzrə bu məsələ müəyyən olunduqdan sonra, proqram hazırlamaq lazımdır ki, müəllimlər ucqar kəndlərə göndərilsin. Bəzi ölkələrdə, məsələn, Rusiyada müəllim məsələsi keçmiş sovet dövründə əsgəri xidmət kimi olub. Yəni, ali məktəbi qurtaran adamın borcu idi ki, hökümət tərəfindən ehtiyac olan yerə göndərilsin və orada bir neçə il işləsin. Bu illər tamamlandıqdan sonra ona diplom verirdilər. Hətta mənim yadımdadır ki, biz oxuyan vaxtı Azərbaycanda da belə bir məsələ vardı ki, ali məktəb diplomunu müəllim məktəbdə müəyyən müdət işləyəndən sonra verirdilər”.
Keçmiş nazir qeyd etdi ki, hazırda düşünüb ən optimal variantı seçmək lazımdır, yoxsa heç kim əlavə bir imtiyaz olmasa, Bakını buraxıb, gedib hansısa dağ kəndində müəllim işləməyəcək:
“Yəni insanda maraq oyatmasan, şübhəsiz, bu problem həmişə aktuallığını qoruyacaq. Necə ki, hazırda bu problem mövcuddur”.
Qeyd edək ki, MİQ üzrə müsabiqədə minimum tələbi ödəyən 22 093 nəfər vakansiya seçimində iştirak etmək hüququ əldə edib. Müsabiqəyə 10 592 vakant yer təqdim olunub.