Bakı, 4 sentyabr, AZƏRTAC
“Uşaqların əldə etdiyi medallar Azərbaycan üçun tarixi nəticədir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 bürünc medal qazanan parataekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi Fərid Tagızadə jurnalistlərə açıqlamasında deyib. O, əziyyətlərinin bəhrəsini gördüyünü bildirib: “Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Onlarla fəxr edirəm. Yarışlara çox yaxşı motivasiya olmuşdular. Bütün görüşlərə final kimi yanaşırdıq”. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal (1qızıl və 1 bürünc )əldə ediblər. İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb. Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.