AZ

3 ildir 2 min müəllim yeri niyə vakant saxlanılır- onları ləğv etmək olmaz?

Image

Bu il məktəblərdə iki mindən çox müəllim yeri boş qalıb. Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli MİQ-lə bağlı keçirilən brifinqdə deyib. 

O qeyd edib ki, 3 ildir bu yerlər heç bir namizəd tərəfindən seçilmir. Qeyd edilib ki,   həmin yerlər şəhər və ya ucqar ərazilərə aiddir: "Vakant yerlər əsasən texniki fənlər üzrədir. Halbuki, 40 balı keçən namizədlər həmin yerləri seçmiş olsaydı, daimi əsaslarla müəllim işləmək imkanı qazanmış olardı".

Artıq 3 ildir ki, iki mindən çox vakant müəllim yeri boş qalsa da, buna maraq yoxdur. Bu hal onu göstərir ki, müəllimlər həmin vakansiya üzrə çalışmaq istəmir. Belə olan halda həmin vakansiya ləğv edilib, müəllimlərin daha çox çalışmaq istədiyi sahə ilə əvəz oluna bilərmi? 

Rizvan Fikrətoğlu: “Rus sektorunda fənn müəllimləri yox səviyyəsindədir, əsasən fizika, riyaziyyat fənləri üzrə müəllim çatışmazlığı yaşanır” 

Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, rus sektoru üzrə müəllim çatışmazlığı hiss olunur: “Rus sektorunda fənn müəllimləri yox səviyyəsindədir. Əsasən fizika, riyaziyyat fənləri üzrə müəllim çatışmazlığı yaşanır. Rus sektorunda texnologiya, musiqi, təsviri incəsənət sahəsi üzrə müəllim tapmaq ümumiyyətlə çətindir. Bu ixtisasların həm dərs saatı az olur, həm də ucqar ərazilərə gedən olmur. Bu problem rus sektoru ilə yanaşı, bölgələrdə, ucqar kəndlərdəki azərbaycan dilli məktəblərdə də yaşanır”. 

Həmsöhbətimiz hesab edir ki, müəllim çatışmazlığı hiss olunan fənlər ləğv oluna bilməz. Müəllimlərin bu sahəyə maraq göstərməsi üçün həvəsləndirici layihələr həyata keçirilməlidir: “Ucqar ərazilərdə çalışan texnologiya müəllimi 6 saat üçün çox az məbləğdə əmək haqqı alır. Onların əmək haqqısı fərqli şəkildə hesablanmalıdır. Müəllimlərə sosial dəstək göstərilərsə 2 min vakant  müəllim yeri boş qalmaz”.

Cavanşir Əliyev: “Vakant yer əsasən texnologiya fənlərindədir, həmin fənlər ləğv edilə bilməz, çünki…” 

Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu problem illərdir yaşanır: “Şəhərlərdə müəllim sıxlığı, müəllimlərin işsiz qalması, kəndlərdə isə müəllim çatışmazlığı müşahidə olunur. Bəzi hallarda isə namizədlər, vakant yerlər olsa da, lazımi qədər bal toplaya bilmədikləri üçün işsiz qalırlar. Həmin vakant yerlərin dolması üçün  aidiyyəti qurumlar müəyyən güzəştə getməlidir. Vakant yer varsa, müqaviləli formada öz kənd və qəsəbələrində yerləşən bir məktəbdə müəllim işləyə bilirlər. Hazırda iki min boş yer var. Bunun da səbəbi odur ki, həmin müəllimin öz rayonuna balı çatmır, ona görə başqa ərazidəki məktəbə qəbul olunur. Bununla bağlı bölgələrdə çalışmaq istəyənlərə dəstək verilməlidir. Hər kəs Bakıda işləməməlidir. Vakant yer əsasən texnologiya fənlərindədir. Həmin fənlər ləğv edilə bilməz. Çünki məktəblərdə tədris edilən hər bir fənnə ehtiyac var”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
12
baki-xeber.com

10Mənbələr