AZ

Məhəmməd Salmanzadə: Könüllülük mənə insanlara yeni səviyyədə kömək etməyi öyrədib

Məhəmməd Salmanzadə: Könüllülük mənə insanlara yeni səviyyədə kömək etməyi öyrədib

AZƏRTAC Azərbaycan könüllüləri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi, Medianın İnkişafı Agentliyinin media könüllüsü Məhəmməd Salmanzadədir.

Məhəmməd könüllülük fəaliyyəti ilə fəal şəkildə məşğuldur və böyük beynəlxalq tədbirlərdə iştirak edir. Məhəmməd Medianın İnkişafı Agentliyi və “AzerGold” QSC ilə birgə təşkil etdiyi “Creative – Media Baku” müsabiqəsinin qalibi olub. Bundan əlavə, o, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən “Media Könüllüləri” proqramını uğurla başa vurduğuna görə 1-ci dərəcəli sertifikatla təltif edilib.

- Məhəmməd, nə vaxtdan könüllülük fəaliyyəti ilə məşğulsunuz?

- Keçən ilin sentyabr ayından könüllülük fəaliyyəti ilə məşğulam, ilk tədbirim VI Robot Olimpiadası oldu. Olimpiada Gənclər və İdman, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, eləcə də Ümumdünya Robot Olimpiadaları Assosiasiyası və Azərbaycan Mühəndislik Robot Texnikası Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Əsas fəaliyyət sahəmiz tədbirdə proqramlaşdırma ilə məşğul olan uşaqları müşahidə etmək idi.

- Sizi könüllü olmağa nə ruhlandırdı?

- Çevrəmdə könüllülük fəaliyyəti ilə fəal məşğul olan insanlar var idi. Onların müxtəlif tədbirlərdə iştirakını və hansı təcrübə əldə etdiklərini müşahidə etdikcə, bu sahəyə marağım artırdı. İndi bütün mümkün tədbirlərdə, hətta tanışlarımdan da çox iştirak etməyə çalışıram.

- Könüllü olaraq cari vəzifəniz nədir?

- Hazırkı məqsədim könüllü kimi özümü təkmilləşdirməkdir. Tədbirlər təşkil etmək və ya onların keçirilməsinə kömək etmək üçün ətrafımda könüllülərdən ibarət komanda toplaya biləcəyim səviyyəyə çatmağa çalışıram. Bu, konsertlər, dövlət tədbirləri, təlimlər və digər tədbirlər ola bilər. Bundan əlavə, mən Medianın İnkişafı Agentliyində könüllüyəm, media könüllüləri üçün proqramda iştirak edirəm. Bu proqram ildə iki dəfə - sentyabr və mart aylarında keçirilir. Mən beşinci media könüllüləri proqramının məzunuyam və burada əsas diqqət jurnalist bacarıqlarının praktiki olaraq təkmilləşdirilməsinə, tanınmış jurnalistlərin iştirakı ilə treninqlərə, seminarlara, Agentliyin tədbirlərinin təşkilinə köməklik göstərilməsinə yönəlib.

- Şuşa Qlobal Media Forumunda könüllü kimi hansı vəzifəni yerinə yetirmisiniz?

- Biz bir neçə komandaya bölündük. Bir qrup Bakıda işləyirdi, digəri konfransın başlamasından iki gün əvvəl Şuşaya yollandı. Mən Bakı qrupunda idim və əsas işimiz başqa ölkələrdən gələn qonaqları hava limanında, otellərdə qarşılamaq idi. Otellərin birində işləyirdim, orada qonaqları qarşılayır, qeydiyyatla bağlı kömək edirdim. Sonra onları Şuşaya, konfransa müşayiət edirdik. Bundan əlavə, qonaqlara Şuşa şəhərində gəzinti zamanı da bələdçilik edirdik, onların rahatlığını təmin etməyə çalışırdıq.

- Könüllülük təcrübənizdə ən çox nədən zövq alırsınız?

- Xarici qonaqların ölkəmiz haqqında fikirlərini öyrənmək məni bu fəaliyyətə cəlb edən əsas səbəblərdən biridir. Müxtəlif peşə sahibləri, xüsusən də beynəlxalq jurnalistlərlə, həmçinin uğur qazanmış insanlarla ünsiyyət qurmaq imkanı əldə edirəm.

- Könüllülük fəaliyyətində ən çətin olan nədir?

- Əsas çətinlik ondadır ki, bəzən iş həddindən artıq çox olur və istənilən bir səhv ciddi nəticələrə səbəb ola bilər. Hətta hər şey yaxşı getsə belə, kiçik bir səhv bütün tədbirin uğurunu poza bilər. Buna görə də diqqətlə və dəqiq işləmək lazımdır.

- Akademik həyatı könüllülük fəaliyyəti ilə necə birləşdirə bilirsiniz?

- Bəzən bunu birləşdirmək çətindir və mən təhsil ilə könüllülülük fəaliyyəti arasında seçim etmək məcburiyyətində qalıram. Etiraf edim ki, könüllülük çox vaxt qalib gəlir (Gülür).

- Tədbir zamanı könüllülərin gününün necə keçdiyi barədə daha ətraflı danışın.

- İlk növbədə deyim ki, bu, çox çətindir. Könüllü tədbirə hamıdan öncə gəlir və onu ən son tərk edir. Tədbir səhər tezdən başlayırsa, könüllü hazırlıqlar üçün bir və ya bir saat yarım tez gəlməlidir. Bir gün əvvəl vəzifə və iş yerlərinin müəyyən olunduğu təlim keçirilir. Tədbir başa çatdıqdan sonra könüllü bütün qonaqların həmin məkanı rahat tərk etməsini və heç nəyi unutmamasını təmin edir.

- COP29-da hansı rolu oynayacaqsınız və vəzifələriniz nədən ibarət olacaq?

- İndiyədək yalnız bir təlim keçmişik, orada bizə vəzifələrimiz barədə bəhs edildi. Əsas fəaliyyət Bakı Olimpiya Stadionunda olacaq, orada biz sektorlar üzrə bölünəcəyik. Bizim vəzifəmiz qonaqları qarşılamaq, onlara kömək etmək və tədbirlə bağlı sualları cavablandırmaqdır.

- Bu tədbirdə könüllü olmaq üçün motivasiyanız nədir?

- Bu, ölkəmizdə baş tutacaq ən böyük tədbirlərdən biridir və dünyanın hər yerindən insanlarla görüşməyin özü də ruhlandırıcıdır. Onlarla söhbət etmək, mədəniyyətləri barədə məlumat almaq və qonaqları mədəniyyətimizlə tanış etmək çox həvəsləndiricidir.

- Könüllülük həyata və cəmiyyətə münasibətinizi necə dəyişdi?

- Könüllülük mənə insanlara yeni səviyyədə kömək etməyi öyrətdi. Əvvəllər də onlara kömək edirdim, lakin bu fəaliyyət mənə fərqli bir baxış bucağı açdı. Könüllülük insanlara və cəmiyyətə təmənnasız yardımdır. Məsələn, iştirak etdiyim konfranslar, təşkilatlar cəmiyyətə fayda verir və mənim adi vətəndaş kimi bu işə töhfə vermək imkanım varsa, mütləq bundan istifadə edəcəyəm. Məni könüllülülük fəaliyyətinə ruhlandıran da məhz budur.

- Gələcəklə bağlı planlarınız hansılardır?

- Mən könüllülük fəaliyyəti ilə məşğul olmağa davam etmək və müxtəlif tədbirlərin təşkilinə kömək etmək istəyirəm. Bundan əlavə, jurnalistikada uğur qazanmağa və təhsilimi xaricdə davam etdirməyə çalışıram. Əminəm ki, xaricdə qazanacağım təcrübəni gələcəkdə ölkəmin naminə tətbiq edə biləcəyəm.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
ilk.az

2Mənbələr