Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.
AzEdu.az xəbər verir ki, peşə təhsili müəssisələrinə qəbul olunan şəxslər ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “Şəxsi kabinet” bölməsindən əldə edə bilərlər.
Müsabiqədən keçən şəxslər 5 – 10 sentyabr tarixlərində saat 17:00-dək aşağıda qeyd edilən sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər:
• attestatın əsli;
• sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
• sistemdən (şəxsi kabinet) çıxarılmış ərizə nümunəsi;
• şəxsiyyət vəsiqəsinin surəti;
• 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
• hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
• güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd olunan tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təhvil verməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
Qeyd edək ki, birinci və ikinci mərhələlərdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 39 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət ünvanlayıb.
2024–2025-ci tədris ili üçün tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 13 454 plan yeri üzrə aparılıb. İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 11 793 nəfərdən 39 101 müraciət daxil olub.
Peşə təhsili müəssisələrinin boş qalmış plan yerlərinə tələbə qəbulunun apellyasiya mərhələsinin 12 – 13 sentyabr tarixlərində həyata keçirilməsi planlaşdırılır.