Fernandu Santuşun yığmamıza təyinatını çox xoş qarşılamamışdı.
Lakin dünən Millətlər Liqasının ilk oyununda millinin oyununda müsbət çalarlar hiss olundu. Düzdür, 3:1 hesabı ilə uduzduq. Lakin, yığmamız məğlubiyyətə layiq oyun sərgiləmədi. Gəlin, oyunun statistikasına nəzər yetirək. Maraq üçün bildirək ki, bu məlumatları UEFA-dan götürmüşük:
• Topa sahib olma faizi 42:58 nisbətindədir.
• Biz 32, rəqib 48 hücum təşkil edib.
• Komandamız oyun ərzində 319 ötürməsindən 246-sı dəqiq olub. Bu, 77 faizlik göstərici deməkdir. İsveçin isə 499 ötürməsindən 432 dəqiq olub. Bu, 87 faizlik göstəricidir.
• Santuşun komandası oyun ərzində 32 hücum yaradıb. İsveçdə bu göstərici 49-dur.
• Qapı istiqamətinə biz 8, rəqib isə 9 zərbə endirib. “Çərçivə”dən kənara gedənlərin nisbəti 3:12-dir.
• Oyun ərzində biz 2, isveçlilər isə 8 künc zərbəsi yerinə yetirib.
Bu göstəricilərə baxanda Fernandu Santuşun millimizdəki işinin işartıları hiss olunur. Nəzərimizdən qaçmayan müsbət məqamları diqqətinizə çatdırırıq:
• Santuş mətbuat konfransında komandanın hücum xəttinin 100 faizlik iş gördüyünü söylədi. Yəni, futbolçular baş məşqçinin tapşırıqlarını tam yerinə yetiriblər. Son nöqtəni qoya bilməsələr də, yığmanın hücum qurmaq potensialının artığı hiss olunurdu.
• Santuş top saxlamağı bacaran komanda formalaşdırmaq istəyir. Eminin və Alekseyin bir yerdə oynaması bunun göstəricisidir. Düzdür, Coşqun bir qədər bu şəxslərə qoşula bilmədi. Lakin, həm kapitan, həm də “Qarabağ”ın üzvü hücumların əsasını qurmaqda önəmli rol oynadılar.
• İsveçlə oyunda dəqiq “divar ötürmələri” diqqətimizi çəkdi. Komanda hücum edən zaman bu taktikadan istifadə edirdi. Olduqca da uğurlu alınırdı. Təkcə, ön xəttdə yer alan oyunçular yox, həm də müdafiəçilər dəqiq “divar ötürmələri” ilə hücumların təməlini qururdular.
• Ən önəmli məqam isə motivasiya ilə bağlı idi. Matç başlayandan komandanın İsveçi udmaq istəyi hiss olunurdu.
Təbii ki, komanda məğlub olubsa, oyununda mənfi məqamlar da olacaq. Nəzərimizdən qaçmayanları diqqətinizə çatdırırıq:
• Santuş komandanı 4-5-1 taktiki sxemi ilə meydana çıxartmışdı. Toral Bayramov sol cinah vingeri kimi çıxış edirdi. Futbolçu oyun ərzində tez-tez müdafiə xəttinə kömək etmək üçün geriyə qayıdırdı. Lakin hücuma keçən zaman futbolçu irəli çıxmaqda gecikirdi. Onun mövqeyinə isə Renat Dadaşov keçirdi. Bu da hücumlar zamanı çoxalmağımızın qarşısını alırdı.
• İsveçin hücumlarından sonra topu götürən Mehdi Cənnətov “dəri kürə”ni aralı atmağa gecikirdi. İkinci hissədə azı 3 epizodda Renat Dadaşov buna etiraz etdi. Qısaca, yığmamız müdafiədən oyun başlatmaqda hələ ki, problem yaşayır.
• Əvəzetmələrin gecikməsi. Əslində bu problem Azərbaycanda çalışmış bütün məşqçilərdə olub. İlk “11-liy”ə sona kimi güvənirlər. Lakin hesab 0:3 olandan sonra Santuşun 3 dəyişiklik etməsi bir qədər gecikilmiş addım idi. Portuqaliyalı hesabı 0:1 olandan sonra hücum və yarımmüdafiə xəttini gücləndirə bilərdi.
• Ən vacib məqamlardan biri isə müdafiə xəttindəki boşluqlar idi. 4-lü sistemdə mərkəz müdafiəçilərimiz – Bəhlul və Bədavi İsveçin sürətli futbolçuları qarşısında aciz qalırdılar. Cinahdakı oyunçularımız isə geri qayıtmağa gecikirdilər. Bu da boşluqların çıxmasına səbəb olurdu.
Yuxarıda qeyd etdiyimiz məqamlar bizim gördüklərimiz idi. Təbii ki, təcrübəli mütəxəssislər yığmamızı daha dərindən təhlil edəcəklər. Lakin, deyə bilər ki, Santuşun komandası məğlub olmasına baxmayaraq, müsbət təəssürat formalaşdıra bildi.