AZ

Azərbaycanda karbon emissiyasının azaldılması məqsədilə vergi tətbiq olunması nəzərdən keçirilir

Bakı, 9 sentyabr, AZƏRTAC

Ortamüddətli perspektivdə ölkəmizin vergi siyasətində yaşıl enerjinin dəstəklənməsi prosesi davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl texnologiyalar”dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl vergilər”in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır.

“Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə “karbon vergisi” və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir. Yaşıl iqtisadiyyata dəstək tədbirlərindən biri kimi sənaye parklarını, xüsusilə tullantıların təkrar emalı sahəsində ixtisaslaşmış Balaxanı Sənaye Parkını qeyd etmək olar. Park ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, istehsal sahəsində məşğulluğun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. İş adamlarımız yaradılmış bu imkanlardan faydalanaraq, qabaqcıl çağırışlara uyğun innovativ istehsal sahələri qura bilərlər”, - deyə nazir vurğulayıb.

Nazir qeyd edib ki, sahibkarların “yaşıl layihələri” Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərlə maliyyələşdirilir: “İndiyədək fondun güzəştli kreditlərindən yararlanmış “yaşıl layihə”lər təkrar emal, alternativ enerji mənbələrinə keçid, elektromobillər üçün elektrik doldurma məntəqələrinin yaradılması kimi istiqamətləri əhatə edir. “Yaşıl layihə”ləri, həmçinin qrant, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə, maliyyə imkanlarına çıxış kimi alətlərlə KOBİA tərəfindən dəstəklənir”.

Seçilən
124
50
azertag.az

10Mənbələr