AZ

“Yaşıl Həmrəylik - 2024” ideya müsabiqəsi təşkil edilib

“Yaşıl

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl Həmrəylik - 2024” ideya müsabiqəsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir İqtisadiyyat Nazirliyi yanında Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Təlim Tədris Mərkəzinin dəstəyi ilə Şamaxıda təşkil olunub.

Müsabiqədə ümumilikdə hər iki qurumun əməkdaşlarından ibarət 20 komanda yarışıb. İştirakçılar “yaşıl ictimai xidmətlər”, ekoloji məlumatlılığın artırılması, “yaşıl iş mühiti”, bu sahədə ictimai iştirakçılığın təşviqi mövzularında rəqəmsal həll konseptləri hazırlayıblar.

Məqsəd innovasiya yönümlü potensialın aşkarlanması, “yaşıl iqtisadiyyat”ın və “yaşıl iş mühiti”nin təşviqi, əməkdaşlar arasında şəbəkələşmənin genişləndirilməsi, innovativ düşüncə tərzinin aşılanması olub.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin nümayəndəsi tərəfindən “Rəqəmsal İqtisadiyyat və Sənaye 4.0” mövzusunda təqdimat edilib.

İnnovativ yanaşmanın tətbiqi, dayanıqlılıq, prosesə strateji yanaşma, səmərəlilik və təqdimat bacarıqları meyarlarına uyğun aparılan qiymətləndirməyə əsasən müsabiqədə I yerin qalibi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin “Yaşıl işıq” komandası, II yerin qalibi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Ekoland” komandası, III yerin qalibi isə Əmlak Məsələləri Dövlət Xidmətinin “Horizon” komandası olub.

 

Seçilən
9
9
azertag.az

10Mənbələr