1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Bütün Ermənistan boyunca türklərə aid Xocalı-Gədəbəy mədəniyyətinin izləri çıxır" adlı veriliş efirə gedib.
Verilişdə erməni arxeoloqlarının Qərbi Azərbaycan ərazisində, xüsusən də Göyçə-Şəmşəddil bölgələrində aparılan qazıntılardan və "Tava Təpə"də tapılan nümunələrdən bəhs olunub.
Bildirilib ki, erməni tarixçiləri yeni iddialar sevdası ilə özləri də istəmədən apardıqları qazıntılar nəticəsində Qərbi Azərbaycan ərazisinin qədim türk-azərbaycan torpağı olduğunu sübut edirlər.
Fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov tarixi faktlara nəzər salaraq deyir ki, bu tapıntılar Qafqazda yaşayan köçəri maldar tərzi keçirən türk tayfalarına məxsus olduğunu sübut edir: "Qafqazda türklərin çox qədim tarixini sübut edən "Tava Təpə" nadir tapıntıdır və 3 600 illik tarixi var. Qazıntı zamanı aşkar olunan binanın həddən artıq böyük olduğu ortaya çıxdı. "Tava Təpə"də qazıntı zamanı üzə çıxan tapıntılar hamını heyrətləndirdi. Bura iç-içə dairələrdən yaranan mürəkkəb quruluşlu, daim yanan ocaq yeri olan tikilidir".
Onun sözlərinə görə, qazıntı zamanı üz cizgiləri dəqiq olan gil fiqurlar dini ritualı göstərən artefaktdır: "Dünyada heç yerdə rast gəlinməyən adət, yəni "Tava Təpə"də "Göbəkli-Təpə" abidəsi kimi ritual başa çatandan sonra bütövlükdə dəfn edilib. "Tava Təpə"də qazıntı zamanı tapılan qatdan aşağıda daha bir abidə tapılıb. Bu bölgələrin hamısında Xocalı-Gədəbəy mədəniyyətinə aid tayfalar məskunlaşıblar. "Tava Təpə" Xocalı-Gədəbəy mədəniyyətinə aid tayfaların dini ritual mərkəzi idi". Ermənilər qazıntı zamanı üzə çıxan maddi sübutları öz adlarına çıxmaqla özlərini təkzib edirlər. Bütün Ermənistan boyunca qazıntı zamanı türklərə aid Xocalı-Gədəbəy mədəniyyətinin izləri çıxır".
Süjetdə tarixçi "Tava Təpə" və digər abidələr barədə daha maraqlı faktlar və fikirlər səsləndirir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: