Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Məryəm Məmmədzadə Böyük Britaniya, İsveç və Macarıstan universitetlərindən qəbullar alıb. “Stipendium Hungaricum” təqaüd proqramını qazanan M.Məmmədzadənin seçimi Macarıstanın Szeged Universiteti olub. O, magistratura təhsilini bu universitetin “Tətbiqi riyaziyyat” ixtisasında davam etdirəcək.
BMU-nun “Riyaziyyat müəllimliyi” ixtisasını qırmızı diplomla başa vuran M.Məmmədzadə təhsil aldığı dövrdə bir sıra proqramlarda fəal iştirak edib. 2020-ci ildə “Abb Tech” proqramlaşdırma akademiyasının təqaüdçüsü olub, “Back End Developer”i fərqlənmə diplomu ilə bitirib.
Yüksək bacarıqları ilə seçilən BMU məzunu 2021-ci ildən “ABB Startup” və “Azərbaycan 500 ASAN Startup” proqramında startup-sahibkar olub. Eyni zamanda, həmin ildən LANDAU School-da yerli və beynəlxalq şagirdlər (KS3 və IGCSE) üzrə riyaziyyat müəllimi vəzifəsində çalışır və məktəbin bir sıra hazırlıq proqramlarında yaxından iştirak edir.