İrəvanın anti-Moskva ritorikasında yeni həyasızlıq elementləri
Ermənistanın “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Hovannisyanın Bakı–İrəvan sülh prosesi ilə bağlı bildirdiklərinə əvvəl pozitiv məcradan yanaşmağın mümkünlüyü barədə düşündük. Eyni zamanda, Hovannisyanın baş nazir Nikol Paşinyan tərəfindən səslənmiş fikrə Azərbaycanın reaksiyasını şərh etməsi maraqlı gəldi. Maraq kontekstindəki müsbət gözləntilərimiz isə özünü qətiyyən doğrultmadı. Bunun ən bariz sübutu ilə yazının son bölümündə tanış olacaq və biləcəksiniz ki, Ermənistanın anti-sülh ritorikasında tamamilə yeni seqment var. Əlbəttə ki, söhbət həyasızlıq seqmentindən gedir.
Məlum olduğu kimi, baş nazir N.Paşinyan “Yerevan dialoqu” forumundakı çıxışında Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı bir çox cəhətlərə toxunub. Onlardan biri də budur: Sülh sazişi yalnız razılaşdırılmış məqamlar əsasında, yəni razılaşdırılmayanlar gündəlikdən çıxarılmaqla imzalansın, digər məsələlərin həlli gələcəyə saxlanılsın. O da məlumdur ki, Azərbaycan Xarici İşlər Nazirliyi belə yanaşmanın yolverilməzliyini açıqlayıb. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan tərəfinin sülh sazişi layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, real və davamlı sülh müqaviləsi baxımından əsas şərt var – başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Müstəqillik aktına açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində yer almış Azərbaycana qarşı ərazi iddialarına son qoyulması.
Qeyd edək ki, Bakı–İrəvan sülh müqaviləsi layihəsində “heç bir tərəf sülh sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəası yer alıb. A.Hacızadənin bildirdiyinə görə, Paşinyanın bu müddəaya əsaslanması və Ermənistan konstitusiyasındakı maddələrin zərərli olmadığını bildirməsi qeyri-məqbuldur. Ölkəmizin XİN rəsmisi digər bir çox cəhətlərdən də söz açıb ki, onların hamısının üzərində dayanmaq mümkündür.
Amma başlıca məsələ budur ki, N.Paşinyan, faktiki olaraq, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən üzərinə düşən əsas öhdəliyi yerinə yetirmək istəmədiyini vurğulayır. Yəni, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolla razılaşmır. Daha doğrusu, razılaşmadığını bir daha ortaya qoyur, ölkəsinin ərazi bütövlüyü və suverenliyi amilini qabardır.
Bu yerdə Azərbaycan və Rusiya liderləri ilə yanaşı, Nikolun da imzasının yer aldığı üçtərəfli bəyanatın 9-cu bəndini diqqətə çatdıraq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Bəli, “maneəsiz hərəkətin təşkili”. Yəni, söhbət ölkəmizin Naxçıvana yol məsələsində irəli sürdüyü “Azərbaycandan Azərbaycana yol” məntiqindən gedir. Rəsmi Bakı ərazidə hansısa sərhəd və gömrük nəzarətinin olmamasını tələb edir. Ermənistanın haqqında söz açdığımız ərazi bütövlüyü və suverenlik faktoru məhz buna qarşıdır. Əlbəttə, rəsmi İrəvan “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər” müddəasını da özünün dövlət prinsiplərinə zidd sayır. Təsəvvür edin, Ermənistanın Türkiyə və İranla sərhədlərini rus hərbçiləri qoruyurlar. İndi Nikol və komandası ərazi bütövlüyü və suverenlikdən dəm vurur. Bu, azmış kimi, ölkəmizi qeyri-konstruktivlikdə qınayır. Qınayanlardan biri də adını çəkdiyimiz A.Hovannisyandır.
A.Hovannisyan deyir ki, Azərbaycanla danışıqlar prosesi rəvan getmir və vəziyyətin bu şəkildə inkişaf edəcəyi əvvəldən bəlli idi. Proses zamanı problemlərin yarandığını və bir sıra razılaşdırılmamış fraqmentlərin mövcudluğunu, lakin sülh müqaviləsinin əksər bəndlərinin razılaşdırıldığını, daha bir neçə məqamın isə qismən razılaşdırıldığını vurğulayan partiya funksioneri, eyni zamanda, rəsmi Bakını tez-tez konstruktiv və mehriban qonşuluqdan uzaq bəyanatlar səsləndirməkdə ittiham edib. Necə deyərlər, köhnə hamam, köhnə tas. Əslində, N.Paşinyan da “Yerevan Dialoqu” forumunda Azərbaycanı günahlandırmağa köklənmişdi. Hovannisyan isə mövcud xüsusdakı konkret predmeti açıqlayır. Özü də son dərəcə həyasız formada. Fikrimizi əsaslandırmaq üçün bir məqama da diqqət yetirək.
Məlumdur ki, 2020-ci ildən başlanmış sülh prosesi kontekstində Ermənistan rəsmiləri çox tez-tez bildirirdilər ki, Azərbaycanla danışıqların vasitəçilərsiz aparılması mümkünsüzdür. Onların sözlərinə görə, guya, rəsmi Bakı proses çərçivəsindəki razılaşmaları pozmaq potensialına malikdir, beynəlxalq vasitəçilər bunun baş verməsinin qarşısını alacaq, münasibətlərin nizamlamasını, bir növ, fiksasiya edəcəklər. O da aydın idi ki, rəsmi İrəvan tərəfindən səslənmiş bu tezis manipulyasiya xarakteri daşıyır. Məsələn, Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirməsi 2022-ci ildə Praqada Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin gözləri qarşısında yaşanmışdı. Lakin bundan ötən bir il ərzində Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələri qaldı. Yəni, Ş.Mişelin fiksasiyası əhəmiyyət daşımadı və ölkəmizin güc tətbiqi işə yaradı.
Digər tərəfdən, vasitəçilik özü beynəlxalq rəqabətə çevrilməyə başladı ki, bu istiqamətdəki spekulyasiyaları Ermənistan rəhbərliyi həyata keçirdi və Rusiyanın sülh təşəbbüslərini Qərbin təkliflərinə dəyişdi. Əslində, Qərbin Cənubi Qafqazda möhkəmlənməsinə çalışdı və bu gün də eyni “ampluadadır”. Azərbaycan isə vəziyyətin xoşagəlməz şəkil almasını görüb birbaşa danışıqlar təklifini irəli sürdü və rəsmi İrəvan zaman-zaman müqavimət göstərsə də, yekunda təkliflə razılaşmaq məcburiyyətində qaldı. Təcrübə ikitərəfli danışıqlar formatının uğurlu olduğunu təsdiqlədi. Ən qəribəsi isə odur ki, hazırda Ermənistan Azərbaycanı nizamlama prosesinə üçüncü tərəfi qoşmaqda günahlandırır. Hovannisyanın daha bir həyasızlığı elə budur.
Rəsmi İrəvanın, guya, sülhün təşviqi ilə bağlı yanaşmalarından söz açan, məsələdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıqdan danışan erməni parlamentarinin fikirlərində, müəyyən mənada, pozitiv sayılacaq bir məqam var. Belə ki, Hovannisyan Bakının kəskin bəyanatlar səsləndirməsinə baxmayaraq, danışıqlarda uğurların əldə edildiyini vurğulayır: “Ona görə də gəlin, Bakının son bəyanatını (A.Hacızadənin mövqeyini – red.) danışıqların dalana dirənməsinin sübutu hesab etməyək. Əvvəllər dalana dirənmiş vəziyyət təəssüratı yaranan hallar olub. Lakin sonradan durum yumşalıb. İndi biz də bu yolla getməliyik”.
Reallıq ondadır ki, Azərbaycan kəskin bəyanatlar səsləndirməyəndə, Ermənistandan heç bir tərpəniş olmur. Necə deyərlər, ilan ulduz görməsə ölmür. Yaxşı olar ki, Hovannisyan məhz bunu əsas götürsün. Bəs erməni parlamentarinin “üçüncü tərəf” məntiqi nədən ibarətdir? Əlbəttə ki, diqqət Rusiya üzərinə yönəlir. Guya ki, Moskva Bakı–İrəvan ikitərəfli dialoquna mane olur. Deyəsən, təkcə Hovannisyan deyil, erməni siyasi hakimiyyətinin təmsilçiləri 44 günlük müharibə dönəmində Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə yalvarmalarını yaddan çıxarıblar.
Yaddan çıxarıblar ki, Ermənistan üçün daha acınacaqlı sonluq vəd edən savaşı dayandıran, faktiki olaraq, ölkəni Azərbaycanın əlindən qurtaran hansısa Qərb ölkəsi yox, məhz Rusiya olub. Yəni, hər bir halda, rəsmi İrəvan Kremli nəzərə almalıdır. Bakı da nəzərə alır. O mənada ki, Rusiya savaşı dayandırmaqla, Ermənistanın öz öhdəliklərinə əməl etməsinə dair zəmanət götürüb. Təəssüf ki, 2020-ci ildən ötən müddətdə Rusiyanın da zəmanət öhdəliklərinə tam əməl etmədiyini gördük. Bir halda ki, Qarabağa səpələnmiş erməni silahlı birləşmələrini özümüz qovduq, qan töküb şəhid verdik, başqa nə deyək?..
Ancaq Azərbaycan prinsiplərə sadiqdir. Eləcə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata. Ona görə də sənədin tam şəkildə icrasını tələb edir. Ölkəmiz burada Rusiyanın xidmətlərini inkar etmir ki, bu, tam anlaşılandır. Rəsmi Bakı prinsiplərinə həm də ona görə sadiqdir ki, ölkəmiz ötən müddətdə Qərbin sülhyaratma missiyasının mahiyyətcə yekun nöqtəyə gətirmədiyini, erməni avantürizminə xidmət etdiyini gördü. Sözümüz ondadır ki, İrəvanın danışıqlara üçüncü tərəfin cəlbi ritorikasını qabartması mənasızdır. Çünki Rusiyaya “üçüncü tərəf” prizmasından yanaşılması yolverilməzdir. Başqa məqamlar bir yana, Moskvanın leqal tərəf statusunu təsdiqləyən N.Paşinyanın imzasıdır. Ermənistanın zaman-zaman üstünlük verdiyi və ehkamlaşdırdığı Qərb vasitəçiliyi xəttində isə nəyinsə konkret imza ilə təsdiqlənmə məntiqi yoxdur.
Əlqərəz, A.Hovvanisyan regionda başqa maraqları olan digər regional ölkələrin Bakı–İrəvan dialoquna müdaxilə etdiyini vurğulayır. Heç şübhəsiz, Rusiyanı nəzərdə tutur. Demək istəyir ki, Bakı Moskvanın maraqlarına xidmət edən fərqli ritorikaya əl atır ki, bu da danışıqların normal gedişinə əngəl yaradır. Sanki Rusiya olmasaydı, Azərbaycan Naxçıvana yol məsələsində Ermənistanın hazırda məqbul saydığı formulu qəbul edəcəkdi.
Belə bir halın yaşanmayacağı gün kimi aydındır. Həm də ona görə ki, keçmişin acı təcrübəsi var. Ölkəmiz Bakıdan Naxçıvana və əks istiqamətə hərəkət edən qatarların Meğri ərazində daşa basıldığını unutmayıb. Nə indiki, nə də gələcək erməni rəhbərliyi oxşar halın yaşanmayacağına təminat verə bilər. Nəzərə alsaq ki, hazırda Naxçıvana yol daha qlobal marşrut sayılır, o zaman Azərbaycan nə üçün heç bir avantürizmindən əl çəkməyən, konstitusiyasında və qanunlarında qonşulara qarşı ərazi iddiasını saxlayan Ermənistanın təminatına etibar etməlidir? Yəni, sülh müstəvisindəki bütün məsələlər bir-biri ilə bağlıdır. Elə məhz bu səbəbdən də Paşinyanın razılaşdırılmış müddəalar üzrə barış sazişinin imzalanması istəyi mümkünsüzdür. Axı sülh fundamental xassəyə malik olmalı, səmimiyyətə əsaslanmalı, İrəvanın vaxt udmaq niyyətinə yer olmamalıdır.
Əvvəldə vurğulamışdıq ki, Ermənistanın anti-sülh ritorikasına tamamilə yeni seqment, daha dəqiq desək, unikal həyasızlıq əlavə edilib. İndiyədək heç bir erməni rəsmisinin, yaxud siyasətçisinin sərsəmləmə bazasında olmayan həyasızlıq. Sonda bu barədə bir qədər ətraflı söz açaq.
A.Hovannisyan İranın “Zəngəzur dəhlizi” məsələsində özünü qabarıq göstərən etirazları fonunda vurğulayıb ki, ekstraterritorial dəhliz məsələsi heç vaxt gündəmdə olmayıb. Yəni, bu, o deməkdir ki, Tehran rəsmilərinin nə cür fikir bildirmələrindən, sərt reaksiyalarından asılı olmayaraq, rəsmi İrəvanın özü təkbaşına “Zəngəzur dəhlizi”nə qarşıdır. Ən başlıcası isə erməni parlamentari bu dəfə ad çəkərək, Rusiyanın sözügedən dəhlizdə marağından danışır və bildirir: “Əgər kiminsə gündəliyində Ermənistanın İttifaq dövlətinin bir hissəsinə çevrilməsi məsələsi varsa, bu, onların problemidir. Əgər bu məsələ Rusiyanın gündəmindədirsə, bu, heç də o demək deyil ki, bizim gündəmimizdədir”.
Bəli, “Zəngəzur dəhlizi”ni Rusiyanın İttifaq dövləti məntiqi ilə əlaqələndirmək qalmışdı ki, erməni tərəfi həyasızlığın bu pilləsinə də baş vurdu. Hesab edirik ki, belə bir yaramaz tezis Ermənistanın Azərbaycanla sülhdən yayınmaq yönümlü dəst-xəttində tam yenilikdir və heç şübhəsiz, İrəvanın anti-sülh mahiyyətli baxışlarının tərkib hissəsi olaraq tirajlanacaq. Bütün bunların, səmimiyyətdən uzaq, spekulyasiyalara və manipulyasiyalara hesablanmş gedişlərin isə Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə xələl gətirdiyi, ümumən, Cənubi Qafqazda gərginliyi saxladığı şübhəsizdir.
Ə.CAHANGİROĞLU
XQ