AZ

Ərdoğan böyük islahata hazırlaşır - Bəzi məmurlar vəzifələrini itirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan payız aylarında Nazirlər Kabinetində dəyişiklik etməyi planlaşdırır.
 

Modern.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist, Türkiyədə hakim dairələrə yaxın "Yeni Şafak" qəzetinin müxbiri İsmayıl Kılıçarslan bildirib.
 

O, detalları açıqlamadan hökumətdə dəyişikliklər ediləcəyini qeyd edib. Jurnalist AKP-nin İstanbuldan seçilən deputatı Erkan Kandemirlə görüşdüyünü və siyasətçinin ona Rəcəb Tayyib Ərdoğanın genişmiqyaslı dəyişiklik proqramı üzərində işlədiyini söylədiyini bildirib.


Türkiyə KİV-ləri yazır ki, yalnız hökumətdə deyil, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyində də dəyişikliklər edilməsi nəzərdə tutulub. İsmayıl Kılıçarslan da bu barədə danışıb. "Bəzi strateji qurumlarda oyunçu dəyişiklikləri barədə eşidirik. Nazirlər Kabinetində bu payızda daha planlı bir dəyişiklik gözləyirəm. Gördüyüm qədəriylə, prezidentimiz Rəcəb Tayyib Ərdoğan AKP rəhbərliyində böyük bir dəyişiklik planlaşdırır", - o deyib.

 

Hakimiyyət daxilində dəyişikliklər mart ayında AKP-nin bələdiyyə seçkilərində yüksək performans göstərməməsi ilə əlaqələndirilir. Seçkilərdə hakim partiya böyük şəhərlərin bir çoxunda məğlub olub və bəzi bölgələrdə mandatlarını itiriblər.
 

Seçkilərdən sonra mətbuatda Ərdoğanın kadr islahatlarına başlayacağı barədə xəbərlər yayılıb. Ancaq detallar açıqlanmayıb. Türkiyə lideri seçkilərdən sonra bəyan edib ki, hökumət bələdiyyə seçkilərinin nəticələrindən dərs çıxaracaq, xalqın tələbi düzgün oxunacaq.
 

Bəzi müşahidəçilər Türkiyə hakimiyyəti daxilində dəyişiklik ehtiyacını ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirir. Hakimiyyətə yaxın jurnalistlər hökumətin iqtisadi komandasında dəyişikliklər ediləcəyini bildirir, bəzi nazirlərin postlarını itirəcəklərini qeyd edirlər.

Seçilən
115
1
modern.az

2Mənbələr