AZ

Axı sən kimsən, Frank Şvabe?..

Vaxtilə “erməni soyqırımı” iddiasının tanınması və AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı anti-Azərbaycan dairələrin sifarişini yerinə yetirən bu zat əsl siyasi riyakar üzünü və alverçi xislətini bir daha ortaya qoydu.

Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirildiyi ərəfədə Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr həmişə qarayaxma kampaniyasına başlayırlar. COP -29-un ölkəmizdə keçirilməsi ərəfəsində də növbəti çirkin kampaniyanın başlaması heç də təsadüfi deyil. Hamımız yaxşı bilirik ki, bəzi Qərb ölkələrində Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların inhisarında olan təşkilatlar və media qurumları ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və cidd-cəhdlə həm respublikamızı, həm də həmin tədbirləri qaralamağa çalışırlar.

Təbii ki, bütün bunlar təsadüfi deyil. Son illərdə Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Şübhəsiz ki, əvvəllər də Azərbaycana qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən qarayaxma kampaniyası dövlətimizin müstəqil xarici siyasəti ilə bağlı olub. Azərbaycan ictimaiyyəti müəyyən xarici anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə və dövlət başçısına qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Azərbaycanda qlobal xarakterli tədbirlərin keçirilməsi, xüsusilə 2012-ci ildə “Eurovision” musiqi yarışması, 2015-ci ildə ilk Avropa Oyunları, 2016-cı ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də 2019-cu il aprelin 26-28-də keçirilmiş Formula 1 üzrə Azərbaycan Qran-Prisinin dördüncü mərhələsi və digər tədbirlər ərəfəsində Azərbaycan süni şəkildə təşkil olunmuş qarayaxma kampaniyasının şahidi olub.

Heç kimə sirr deyil ki, “insan haqları”, “demokratiya”, “siyasi məhbuslar” ifadələri Qərb dairələrinin leksikonunda siyasi dəyənək rolunu oynayır. Həmin dəyənəyi onlar müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəldir. Lakin onlar unudurlar ki, Azərbaycan ilə təzyiq dilində danışmaq heç bir nəticəyə gətirib çıxarmır. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan üzvü, erməni lobbisinin sifarişlərini yerinə yetirən Frank Şvabe və onun kimilər birmənalı şəkildə anlamalıdırlar. Cəmiyyətimiz yaxşı bilir ki, o, bu gün bütün dünyada özünün Azərbaycanofob mövqeyi ilə tanınır.

Adıçəkilən siyasətçi son çıxışlarının birində Azərbaycanda “siyasi məhbusların” azad olunmasına çağırış edib. Şübhəsiz, bütün bunlar qarayaxma, şər və böhtandan başqa bir şey deyil.

Birincisi, Azərbaycanda siyasi məhbuslar yoxdur.Şübhəsiz, Qərbin dəstəklədiyi yerli şəbəkənin ifşasından sonra bu kimi ittihamlar gözlənilən idi. Eyni zamanda, Ermənistanda baş verən hadisələrlə bağlı məlum Qərb institutları susur. Məsələn, 2019-cu ildə Ermənistan həbsxanasında müxalifyönlü jurnalist aclıq aksiyası keçirərək ölmüşdür.  Digər bir müxalif siyasətçi elə məhkəmə zalında ölmüş (Armen Qriqoryanın 15 iyul 2022-ci il), keçmiş hakimiyyətin bir çox fəal funksioneri həbs edilmişdir. Niyə Şvabe bir dəfə də olsun Ermənistanda olan bu problemlər haqda danışmayıb?

F.Şvabe illərlə erməni lobbisinin təsiri altında olmaqla, Qarabağ ermənilərinin hüquqları barədə danışmışdır. Lakin o, bir dəfə də olsun Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların ora qayıdış hüquqlarının 30 il ərzində tapdalanması barədə bir söz də deməmişdir. Bu fakt özlüyündə onun nə dərəcədə qərəzli və erməni lobbisinin maraqlarına xidmət edən şəxs olmasını göstərir.

Ermənistanın indiki rəhbərliyi ilə yaxından əlaqələri olan, zaman-zaman AŞPA-da, eləcə də onun hüdudlarından kənarda Ermənistanın “maraqlarını” müdafiə edən  F.Şvabenin Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə bədii filmin (“Am Abgrund”) hazırlanmasında yaxından iştirakı da heç kimə sirr deyil. Azərbaycan ictimaiyyəti Şvabe, Okampo, bir sıra ABŞ konqresmenləri və senatorları, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin ardıcıl, məqsədyönlü və sifarişli hücumlarına onilliklərlə şahidlik edib. Artıq azərbaycanlılarda bu kimi hücumlara qarşı immunitet yaranıb. Hamımız yaxşı başa düşürük ki, yeni hücum dalğası COP29-la bağlıdır. Bu mühüm tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı növbəti dəfə qaralamaq məqsədi güdür və bütün bunların arxasında erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır.

Nəhayət, erməni lobbisi ilə qaranlıq və çirkli əlaqələri olan bu satılımış  “siyasətçiyə”, daha doğrusu, siyasi əxlaqsıza əsl həqiqətlərin, gizlinlərin fonunda belə bir sual veririk: Axı sən kimsən, Frank Şvabe?

Zahid Rza, “İki sahil”

Seçilən
116
ikisahil.az

1Mənbələr