Azərbaycan Respublikası Ali Məhkəməsində ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Söhbət zamanı sədr İnam Kərimov Ömər Kərkəzi qardaş Türkiyənin Ali Məhkəməsinin sədri seçilməsi münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Xalqlarımızın qardaşlığı və həmrəyliyi sayəsində iki ölkə arasında bütün sahələrdə əlaqələrin yeni mərhələyə qədəm qoyduğu və daim inkişaf etdiyi vurğulanıb.
Görüşdə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyəti barədə geniş məlumat verilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Ömər Kərkəz iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayaraq, əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, hər iki ölkənin məhkəmə orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar mövcuddur.
XQ