AZ

Məhbusların təhsili onların cəmiyyətə adaptasiyasında mühüm rol oynayır

Müasir dünyada insan hüquqlarının qorunması ən aktual məsələlərdən hesab olunur. Düzdür, insan hüquqları məsələsinə münasibətdə ən müxtəlif dövlətlərdə ən müxtəlif yanaşmalar mövcuddur. Ancaq, bu sahədə də beynəlxalq hüquq deyilən bir anlayış bar ki, ona riayət etmək dövlətlərin öhdəlikləri hesab olunur. Etiraf edilməlidir ki, insan hüquqları məsələsində ən həssas sahələrdən biri məhkumların, eləcə də keçmiş məhbusların hüquqlarının müdafiəsidir ki, Azərbaycanda bununla bağlı xeyli işlər görülüb. Məsələn,  Azərbaycanda "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun qəbul edilib ki, sənəddə keçmiş məhbusların cəmiyyətə adaptasiya olunması üçün bütün mümkün imkanlar əksini tapıb. Ölkdə belə bir sənədin qəbul edilməsində məqsəd keçmiş məhbusların cəmiyyətdən təcrid olunmasının qarşısını almaq, onların tam hüquqlu vətəndaş kimi cəmiyyətdə öz yerini tutmasına, sosial adaptasiyasına kömək etməkdir. Nəzərə alaq ki, qanun ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya yardımının göstərilməsini nəzərdə tutur. Bu sənəd penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına xidmət edir, həmin şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə biləcək kriminogen faktorların qarşısını almağa yardımçı olur. Sözügedən qanun Azərbaycanda cəmiyyətin demokratik inkişaf səviyyəsinin göstəricisi kimi qiymətləndirildiyindən sənəddə  qadınların və uşaqların sosial adaptasiyasına xüsusi diqqət yetirilib.
Bütün dünyada olduğu kimi ölkəmizdə də keçmiş məhbusların məşğulluq məsələsinin həll edilməsi prioritet hesab olunur. Lakin faktdır ki, keçmiş məhbusların işlə təmin olunması elə də asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, azadlığa qovuşan məhbusların heç də hamısının ali, yaxud peşə təhsili yoxdur. Düzdür, qanunvericilikdə bu kateqoriyadan olan vətəndaşlar üçün kvota nəzərdə tutulur, lakin bütövlükdə onların məşğulluq probleminin həll edilməsi üçün dövlət tərəfindən xüsusi tədbirlər həyata keçirilməlidir. Elə bu məqsədlə Nazirlər Kabinetinin qərarına əsasən "Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları" təsdiq edilib. Məhz cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Heç şübhəsiz ki, dövlət başçısının sərəncamı cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif olunacaq iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaq. Buna nail omaqdan ötrü Nazirlər Kabineti, həmçinin fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupu  yaradılacaq. Layihə hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlıq həyata keçiriləcək, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutları cəlb olunacaq. 
Bir daha xatırladaq ki, cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə və xüsusi peşə təhsili müəssisələrinə dövlət peşə təhsili statusu verilib. Hazırda cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin məzmunu peşə təhsilinin dövlət standartlarına uyğun olaraq təşkil edilir. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tədris ili 2 yarımildən ibarətdir. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və nümunəvi tədris planına müvafiq olaraq yekunlaşır. Xüsusi peşə təhsili müəssisələrində təhsilalanların komplektləşdirilməsindən asılı olaraq, tədris prosesi ilin istənilən vaxtında başlana bilər. Dərs ili ərzində qış tətili 8 gündür. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təlim məşğələləri 45 dəqiqə, məşğələlərarası fasilə isə 5-10 dəqiqə müəyyənləşdirilir. Tədris emalatxanalarında praktik məşğələlər zamanı təlimin birinci ilində hər 45 dəqiqədən, təlimin ikinci və sonrakı illərində hər 90 dəqiqədən sonra 10 dəqiqə fasilə verilir.
Yeri gəlmişkən qeyd edək ki, ölkədə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq məqsədilə sosial adaptasiya mərkəzləri yaradılıb. Qanunvericiliyə uyğun olaraq daimi yaşayış sahəsi olmayan şəxsləri müvəqqəti yaşayış yeri ilə təmin edilirlər. Həmçinin cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirilir, onların təhsil almalarına xüsusi şərait yaradılır. Onların işlə təmin edilməsi məsələsinə gəldikdə, qeyd edək ki, məhkum azad olunmamışdan üç ay əvvəl qeydiyyatda olduğu əraziyə müvafiq olaraq məşğulluq idarələri və digər müvafiq qurumlara sorğular göndərilir ki, bu məhkum üç ay sonra azad olunur, onların işlə təmin olunması barədə penitensiar xidmətə məlumat verilir. Eyni zamanda, Penitensiar Xidmətdən məhkumun sosial-məişət problemlərinin həlli üçün də aidiyyatı qurumlara müraciət olunur. Qanunvericiliyə görə, məhkum azad olunduqdan sonra iş tapmaq üçün Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edə bilər. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanuna əsasən, sosial adaptasiya tədbirlərini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirməlidir. Ardınca cəza çəkməkdən azad edilmiş şəxslər sosial adaptasiyası məqsədilə qeydiyyata alınmalı, onlarla hazırlıq işləri aparılmalıdır. Bu zaman sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə təmin edilməsi sahəsində (o cümlədən kvota üzrə iş yerlərini müəyyən etməklə) tədbirləri müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Cəza çəkməkdən azad edilmiş himayəsində 14 yaşadək uşağı olan tənha qadınların məşğulluğunun təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirə salınmadan həyata keçirilir. Bu baxımdan birmənalı şəkildə qeyd edilməlidir ki, dövlət başçısının imzaladığı sərəncam keçmiş məhbusların məşğulluq məsələsinin həllində əhəmiyyətli rol oynayacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
olaylar.az

1Mənbələr