Daxili İşlər Nazirliyi (DİN) Bakıda təşkil olunan “Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb.
Hafta.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildirilib ki, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına, yarışların keçirildiyi məkana gətirilməsi qadağandır.
Həmçinin:
- Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla);
- Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (qadağa uşaq üçün olanlara aid deyil);
- Qidalar və içkilər (qadağa uşaq üçün olanlara aid deyil);
- Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar;
- Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter;
- Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla);
- Dronlar və digər uçan cihazlar;
- Meqafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri;
- Soyuducu qutular, pikinik üçün səbətlər;
- Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar;
- İri əşyalar və bel çantaları;
- Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər;
- Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar siyahısına daxildir.
Qeyd edək ki, bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə start veriləcək. Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 14-də Formula 1 üzrə sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 15-də əsas yarış baş tutacaq.