AZ

Rus Dram Teatrının repertuarıAÇIQLANIB

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının sentyabrın 16-dan 30-dək repertuarı açıqlanıb.

Rus Dram Teatrı sentyabrın 15-də “Yuxularımdan çıx” adlı ikipərdəli melodramanı təqdim edəcək. Tamaşa Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında səhnələşdirilib və ədibin 80 illik yubileyinə həsr olunub. Onun premyerası 2018-ci il iyunun 30-da olub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.

Zaur və Təhminənin ehtiraslı eşq macərasından bəhs edən tamaşada mühafizəkar cəmiyyətdə belə sevgilərin xoşbəxt sonluqla bitmədiyi vurğulanır. Zaurun ailəsi intriqalar və öyüd-nəsihət yolu ilə onu fikrindən daşındırmağa çalışır və qonşunun Firəngiz adlı qızı ilə evləndirir. Amma o, vəfatından əvvəl vida məktubu yazan Təhminəyə olan hissələrini unuda bilmir, sevdiyi qadının obrazı yuxularından çıxmır.

Sentyabrın 20-də isə teatrın səhnəsində “Əli və Nino” tamaşası göstəriləcək. Tamaşa Qurban Səidin dünyaca məşhur romanı əsasında hazırlanıb. Onun rejissoru İlqar Safatdır. Romanın hekayəsi 1911-1918-ci illərdə Bakıda baş verən real hadisələrə, müxtəlif dinlərə mənsub olan iki gəncin sevgi hekayəsinə əsaslanır.

Teatr sentyabrın 21-də “Sevgiyə görə bağışla” (“Aydın”) tamaşasını təqdim edəcək. Onun premyerası 2019-cu il noyabrın 23-də olub və Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr edilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, quruluşçu rəssamı Sankt-Peterburqdan dəvət olunmuş Tatyana Melnikova, xoreoqrafı Xalq artisti Aleksandra Nikuşinadır, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova məxsusdur. Aydın obrazını Murad Məmmədov, Gültəkin rolunu Həcər Ağayeva və Natəvan Hacıyeva ifa edirlər. Onun süjet xəttini Aydın ilə Gültəkinin faciəli taleyi, var-dövlət ilə insanlara bədbəxtlik gətirən tiplərin obrazı olan Dövlət bəyin məkri təşkil edir.

Sentyabrın 22-də “Mən, sən, o və telefon” tamaşası göstəriləcək. Onun premyerası 2022-ci il oktyabrın 7-8-də olub. Tamaşaya quruluş vermək üçün Sankt-Peterburqdan soydaşımız – istedadlı rejissor, Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, artıq Azərbaycanda, Rusiyada, Qazaxıstanda tamaşalar qoymuş Ərşad Ələkbərov dəvət olunub. Bu tamaşanın quruluşçu rəssamı Kristina Danilinadır (Rusiya). Xalq yazıçısı Anarın əsəri əsasında səhnələşdirilmiş tamaşa telefonun baş qəhrəmanlar arasında birləşdirici halqa olduğu hadisədən bəhs edir. Rüstəmlə Mədinənin sevgi hekayəsi bu telefonun ətrafında cərəyan edir. Ancaq sonradan başqa bir aşiq personaj – Seymur əlavə edildikdə, hər şey daha da qarışıq olur. Bu sevgi üçbucağı iştirakçılardan ikisinin eyni şəxs olması ilə diqqəti çəkir.

Teatr sentyabrın 27-də “Yekaterinanın yataq otağında gecə” tamaşasını təqdim edəcək. O, Vladimir Ovsyannikovun “Gecə irəlidədir” pyesi əsasında hazırlanıb, quruluşçu rejissor Emin Mirabdullayevdir. Əsərin qəhrəmanı Daşa atasının ağır xəstəliyi ilə əlaqədar çətin vəziyyətlə qarşılaşıb. O, etik normalardan uzaq olan üsullardan istifadə etməklə bu vəziyyətdən çıxış yolu tapmaq məcburiyyətindədir. Vaxtilə onunla bir sinifdə oxuyan, varlı ailədən olan Artyom nə vaxtsa tapdalanmış mənliyinə görə Daşadan intiqam almaq istəyir, lakin bunun fəsadlarını düşünmür. Nə xoş ki, həyatda yaxşı insanlar çoxdur. Bəzən tale çıxılmaz görünən vəziyyətlərdə kömək olur.

Sentyabrın 28-də bu il martın 8-də premyerası olmuş “Səkkiz sevən qadın” tamaşası oynanılacaq. Ünsiyyət, ailə və nəsillərin münaqişəsi problemlərinin satirik tədqiqatını təsvir edən təsirli detektiv pyesin quruluşçu rejissoru Raulya Turkkandır. Pyes 1958-ci ildə Rober Tom tərəfindən yazılıb və ilk dəfə Parisdə 1961-ci ildə “VII Eduard” teatrının səhnəsində tamaşaya qoyulub. Tamaşada hadisələr şəhərkənarı evdə səkkiz qadının Milad bayramını qeyd etməyə hazırlıqları səhnəsi ilə başlayır. Lakin birdən hər şey dəyişir, kabinetdə kürəyinə bıçaq sancılmış ev sahibinin meyiti tapılır. Müxtəlif səbəblərdən polisin gəlişi ləngiyir. Nəticədə səkkiz qadının hər biri şübhə altında olur. Bir vaxtlar gözəl, xoşsifət qadınlar adətən çox çətin vəziyyətlərdə olduğu kimi bir-birini öldürməyə, mehriban və xoşbəxt ailə idilliyasını dağıtmağa hazırdırlar. Sirlər və gizli istəklər üzə çıxır, illərlə qalaqlanan ailə problemləri elə həvəslə müzakirə olunur ki, qətl mövzusu ikinci plana keçir.

Teatrın kollektivi sentyabrın 29-da “Üç gözəl” tamaşası ilə bu ayın repertuarına yekun vuracaq. Valentin Krasnoqorovun pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il yanvarın 13-də keçirilib, onun quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Tamaşada maraqlı zarafatlarla və şən əhvalatlarla dolu adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsindən bəhs edilir. Müxtəlif xasiyyətli, fərqli taleli və temperamentli üç rəfiqə bir an içərisində öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Burada internet onların köməyinə gəlir.

Repertuarla bağlı müfəssəl məlumatı 493 00 63, 493 76 54 nömrəli telefonlar vasitəsilə almaq olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
azpost.info

2Mənbələr