Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərov təqdimat edib.
O bildirib ki, deputatlığa namizəd Məcidzadə Şəhriyar Sərdar oğlu MSK-ya müraciət edərək, 17 seçki məntəqəsində səsvermə günü qanun pozuntularının baş verdiyini iddia edib.
"Namizədin təqdim etdiyi və sosial şəbəkələrdə yayılan görüntülərə baxılıb. Araşdırmanın nəticəsində məlum olub ki, dairənin 3, 4 və 18 saylı seçki məntəqələri istisna olmaqla digər məntəqələrdəki pozuntular təsdiqini tapmayıb. Nəticələri ləğv edilən seçki məntəqələrinin sayı qanunvericilikdə nəzərdə tutulandan az olduğuna görə dairənin ümumi nəticələrinin ləğv edilməsinə əsas yaranmayıb".
***17:02
Mərkəzi Seçki Komissiyası (MSK) 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv edilməsi barədə qərar verib. Nəsimi-Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciəti qismən qəbul edilib.
"Unikal" xəbər verir ki, bunu MSK-nın sentyabrın 13-də keçirilən iclasında Komissiya üzvü İlkin Şahbazov deyib.
O bildirib ki, Gülağa Aslanlı MSK-ya müraciət edərək namizəd olduğu dairə üzrə seçki prosesində pozuntularla əlaqədar məlumat verib.
İ.Şahbazovun sözlərinə görə, araşdırma aparılıb və müəyyən edilib ki, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsində çatışmazlıqlar var.
Buna görə də 30 saylı məntəqənin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunub.