AZ

Putinin yüksək vəzifə verdiyi İradə haqda maraqlı FAKTLAR

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanəsilli jurnalist İradə Zeynalovanı səfir təyin edib. Sərəncama əsasən, Zeynalova Rusiyanın Mavrikidə səfiri olub.

Redaktor.az Azərbaycanəsilli diplomatın qısa tərcümeyi-halını təqdim edir.

İradə Zeynalova 1972-ci il fevralın 20-də Moskvada anadan olub, atası Aftandil Zeynalov azərbaycanlı, anası Qalina Alekseyevna rusdur. O, Svetlana Zeynalovanın (1977-ci il təvəllüdlü) böyük bacısıdır. Bioqrafiyasında qeyd olunur ki, qavrayış və tərbiyə baxımından İradə daha çox azərbaycanlı, Svetlana isə rusdur.

İradə Moskvada 61 nömrəli məktəbdə oxuyub.

1995-ci ildə MATİ-ni (Rusiya Dövlət Texnoloji Universiteti) bitirib. Universiteti bitirdikdən sonra ABŞ-da təcrübə keçib.

1997-ci ildən televiziya sahəsindədir. Əvvəlcə “Vesti” proqramında (RTR) redaktor, həmçinin ingilis dilindən tərcüməçi kimi çalışıb. Tərcüməçi kimi “Vesti” üçün studiyanın hazırlanmasında iştirak edib.

2000-2003-cü illərdə “Vesti” və “Vesti Nedeli” proqramlarının müxbiri olub. 2002-ci ilin oktyabrında Dubrovkada terror aktı zamanı olay yerində işləyib. 2003-cü ilin aprelində “Rossiya” telekanalını tərk edib.

2003-2016-cı illərdə “Birinci Kanal”da çalışıb. Əvvəlcə 2003-2007-ci illərdə “Xəbərlər” (“Novosti”), “Zaman” (“Vremya”) və “Digər xəbərlər” (“Druqie Novosti”) informasiya proqramlarında müxbir olub. O, 2004-cü ilin fevralı və 2010-cu ilin martında Moskva metrosunda partlayış, 2004-cü ilin sentyabrında Beslanda terror aktı və 2005-ci il mayın 25-də Moskva elektrik şəbəkələrində qəza baş verən gün olay yerlərində işləyib. Həmçinin Almaniyada keçirilən 2006-cı il dünya çempionatının final oyunundan reportaj hazırlayıb.

2006-cı ildə Turində (İtaliya) keçirilən Qış Olimpiya Oyunlarında, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında və 2014-cü il Soçi Oyunlarında “Birinci Kanal” üçün çalışıb.

2006-cı ildə Rusiyada “Ən yaxşı reportyor” nominasiyasında televiziya mükafatı və II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

2007-2010-cu illərdə “Birinci Kanal”ın Böyük Britaniyadakı bürosunun rəhbəri olub. 2010-2011-ci illərdə yenidən Moskvada işləyib.

 2011-ci ilin martından 2012-ci ilin iyununa qədər “Birinci Kanal”ın İsraildəki bürosunun rəhbəri vəzifəsini tutub.

2012-2016-cı illərdə “Vremya” proqramının bazar buraxılışının aparıcısı kimi efirdə olub.

2012-2018-ci illərdə “Birinci Kanal”ın jurnalisti, 2016-cı ildən 2018-ci ilə qədər NTV-nin aparıcısı kimi işləyib. Bu keçidlə bazar günləri NTV-də “İradə Zeynalova ilə həftənin yekunları” adlı analitik verilişin yayımı başlayıb. İradə Zeynalova verilişi aparmaqla yanaşı, həm də proqram üçün reportajlar hazırlayıb, həftənin əsas hadisələri ilə bağlı müsahibələr alıb.

2017-ci ildə Yeqor Kolıvanov və Sergey Malozyomovla birlikdə Prezident Vladimir Putinlə bağlı proqramın aparıcısı olub.

2021-ci ildə “Putin rejiminin maraqlarına uyğun təbliğat fəaliyyətinə” görə Ukraynanın sanksiya siyahısına əlavə edilib.

Bu ilin sentyabrın 18-dən Rusiya Federasiyasının Mavrikiydəki fövqəladə və səlahiyyətli səfiridor.

İradənin birinci əri jurnalist Aleksey Samoletovdur, ondan Timur adlı oğlu var. Cütlük 2015-ci ilin oktyabrında boşanıb, evlilikləri 20 il davam edib.

İkinci ər hərbi müxbir Aleksandr Yevstiqnevdir, “Birinci Kanal”da işləyib, hazırda “Rossiya-1” telekanalının əməkdaşıdır. Toyları 2016-cı il dekabrın 16-da olub.

Əmisi oğlu İsabala Zeynalov Sankt-Peterburq Dövlət Aqrar Universitetinin hüquq fakültəsinin keçmiş dekanıdır. 2017-ci ildə rüşvətxorluğa görə həbs olunub, 8 il müddətinə azadlıqdan məhrum edilib (teleqraf.com).

Seçilən
43
30
redaktor.az

10Mənbələr