AZ

Azərkosmos qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başladı



Azərkosmos qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb. 13-16 sentyabr tarixlərində Niderland Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2024” beynəlxalq sərgi-konfransında sözügedən əməkdaşlığa dair müqavilə imzalanıb.

aia.az xəbər verir ki, bu əməkdaşlıq sayəsində Azərkosmos “ABS” şikətinə məxsus peyk vasitəsilə Nigeriya ərazisində öz müştərilərinə “Pay TV” (ödənişli televiziya yayımı) xidmətini təqdim edəcək. Qeyd edək ki, “Pay TV” xidməti yalnız peyk və ya kabel televiziyası şirkətinə abunə olaraq aktiv edilən xidmətdir.

Eyni zamanda qlobal peyk operatoru ilə tərəfdaşlıq Azərkosmos üçün yeni biznes xətlərini genişləndirmək imkanı yaradır. Belə ki, Azərkosmos təkcə öz peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması ilə də gəlir əldə edir və Afrika bazarında video xidmətlərinin həcmini artırır.

“Bir neçə istiqamətdə yeni kommersiya imkanları yaradan bu əməkdaşlığımız Azərkosmosun xidmətlərini Afrika regionunda daha da artıracaq. “ABS” ilə birgə görüləcək işlərin təməlində keyfiyyət, müştəri məmnuniyyəti və xidmət davamlılığımız dayanır”, – deyə Azərkosmosun İdarə heyətinin sədr müavini Fuad Aslanov bildirib.

“ABS” şirkətinin baş kommersiya direktoru Ramsi Hanfur (Ramsey Khanfour) əlavə edib: “Bu tərəfdaşlıq Qərbi Afrika bazarında həm əhatə dairəmizi, həm də xidmət təkliflərimizi genişləndirmək fürsəti verir. Biz regionda etibarlı və yüksək keyfiyyətli ödənişli televiziya yayımı xidmətləri sayəsində təcrübəmizi birləşdirəcəyik”.

aia.az



Seçilən
40
17
aia.az

10Mənbələr