AZ

Bu şəxslər bağça müdiri ola bilməz - şərtlər

Ekspert: “Ən böyük problem  ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayının azlığı ilə bağlıdır”

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir. Agentlikdən verilən xəbərə görə, vətəndaş və valideyn müraciətləri əsasında bir sıra məktəbəqədər təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri zamanı aşağıdakı nöqsanlar aşkar edilib:

- təşkilati-sənədləşmə işlərinin,

- uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;

- davamiyyətin aşağı olması;

- prosesə nəzarətin düzgün təşkil edilməməsi;

- uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi.

Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.

Məlumdur ki, bağçalarda vaxtaşırı uşaqlara qarşı tərbiyəçilər tərəfindən cürbəcür zorakılıq halları qeydə alınır. Onların təkrarlanmaması bağça müdirlərindən nə dərəcədə asılıdır? Kimlər bu vəzifəni tuta bilməz? Əsas şərtlər, tələblər nədir?

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb:

Elşən

Elşən Qafarov

“Xatırladım ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi. Bu qərar 2021-ci ilə qədər davam etdi. Həmin müddət ərzində yerli icra hakimiyyətləri nəticə etibarı ilə məktəbəqədər təhsil müəssisələrini köhnə ”kolxoz-sovxoz" prinsipi ilə idarə etdilər. 

Hazırda ölkədə 1950 dövlət məktəbəqədər təhsil müəssisələri var və bu müəssisələrdə təxminən 18 minə yaxın təhsilverən çalışır. Onların 3/1-nin ümumiyyətlə təhsili yoxdur, 3/1-nin  isə  təhsili məktəbəqədər təhsil ilə bağlı deyil. Bu baxımdan 2021-ci ilin dekabrından məktəbəqədər təhsil müəssisələr Elm və Təhsil  Nazirliyinin balansına qaytarıldı və bu, çox  doğru atılmış addım idi".

Ekspert qeyd edib ki, məktəbəqədər təhsil müəssisələri nazirliyin balansına qaytarılandan ötən 3 il ərzində müsbət mənada nəzərə çarpacaq dəyişikliklər olub:

“Lakin hələ də məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin böyük hissəsi 2011-2021-ci illərin mövcud psixologiyası ilə müəssisələri idarə edirlər ki, bu da çox narazılıqlar yaradır. Belə ki, burada yenə də qeyri-qanuni pul yığmalar, uşaqlar üçün  alınmış ərzaqların mənimsənilməsi və sairə məsələlər müşahidə olunur.  Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin də əlavə 1950 işçisi yoxdur ki, hər bir bağçaya nəzarətçi qoysun. 

Xatırladım ki, son 2 ildə məktəbəqədər təhsil müəssislərinə işə qəbul mərkəzləşdirilmiş qaydada imtahanla keçirilir, ötən ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri də  imtahanla vəzifəyə təyin olunurlar. 

Hesab edirəm ki, bu proses davam edəcək və işində nöqsan buraxmış məktəbəqədər təhsil müəssisələrinin müdirləri vəzifəsindən azad olunacaq.

Lakin bütün bunlarla yanaşı bu sahədə ən böyük problem  ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayının azlığı ilə bağlıdır. Hesab edirəm ki, bu məsələ də zamanla öz həllini tapacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Seçilən
71
1
musavat.com

10Mənbələr