ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Floridada yerləşən qolf klubunun yaxınlığında atışma olub.
Hadisə zamanı Donald Tramp klubda olub. İlkin məlumata görə, hadisə iki nəfərin bir-birinə atəş açması nəticəsində baş verib. Donald Trampın kampaniyası atışmadan dərhal sonra məlumat yayaraq, ona qarşı heç bir təhlükənin olmadığını bildirib.
Atışmada Respublikaçılar Partiyasından prezidentliyə namizədin hədəf olub-olmaması hələlik məlum deyil. ABŞ Məxfi Xidməti hadisə ilə bağlı araşdırma apardığını və hadisənin yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə saat 22:00) radələrində baş verdiyini yayıb.
Ağ evdən bildirilib ki, Prezident Co Bayden və Demokratlar Partiyasından prezidentliyə namizəd, vitse-prezident Kamala Harris insidentlə bağlı məlumatlandırılıb və onlara davamlı olaraq son detallar barədə məlumat veriləcək. Ağ ev əlavə edib ki, onlar Trampla bağlı hər şeyin qaydasında olmasından şaddırlar.