AZ

"Elzanı lağa qoyanlar Nobel mükafatı almış şairləri də ələ salır" - Kəramət Böyükçöl

Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahanın TV-lərdən birində səsləndirdiyi “Tüpürüm sizin ağzınıza” adlı şeiri narazılıqla qarşılanıb. Ümumiyyətlə, bəstəkar ifaçının şeirləri çox vaxt qalmaqala səbəb olur. Sonuncu şeiri kontekstində də onun hərf oyunu ilə hamını təhqir etdiyi kimi fikirlər səsləndirilir. Bu hal AYB-nin nüfuzuna da xələl gətirir.

 

Maraqlıdır, bəzi şairlər AYB-yə üzv ola bilmədiyi halda, Elza Seyidcahanın birliyi bu formada təmsil etməsi necə dəyərləndirilməlidir? 

 

Bununla bağlı Sfera.az-a danışan yazıçı Kəramət Böyükçöl deyib ki, Elza Seyidcahanın Yazçılar Birliyinin üzvü olması və şeirlərinin cəmiyyətdə yaratdığı müzakirələr təkcə toplumun yox, hətta özünə şair deyənlərin bir çoxunun ədəbi zövqünün nə qədər bəsit olduğunu göstərdi:

 

“Məsələ burasındadır ki, Elzanın şeirlərinə gülən, onu ələ salan iki cür adam var. O adamlardan birinin, həqiqətən, ədəbiyyat zövqü var, bilir, ona görə gülür. Böyük bir kütlə isə o şeirlərə Ramiz Təkaninin zövqünə istinad edib gülür. Onlar üçün şair Ramiz Təkanidir. Bilən adam Elzanın şeirlərini bəyənməyə-bəyənməyə kütlə ilə Elzanın zövqü arasında seçim etməli olsa, əminəm ki, Elzanı seçəcək. Bir dəfə Elza Seyidcahan Nəsiminin eksperimental bir şeirini imzasız paylaşmışdı. “İnstagram”da millət Elza xanıma ağzına gələni yazdı. Biri dedi, gorun çatlasın, ay Füzuli. Biri dedi, gorun çatlasın, ay Nəsimi. Biri dedi, gorun çatlasın, ay Nizami. Biri dedi, utan, bu nədi yazmısan, Müşfiq də özünə şair deyir, sən də? Səhəri gün Elza təzədən həmin şeiri Nəsiminin imzası ilə paylaşdı. Elə bil qurbağa gölünə daş atdılar. Bu zövqlə, bu bilgisizliklə siz şeirə necə qiymət verə bilərsiz? Elzanın şeirini ələ salan kütlə Nobel mükafatı almış şair Pasternakın, İosif Brdoskinin şeirlərini də ələ salır, gülür ki, belə şeir olar?”.

 

Yazıçı qeyd edib ki,  Azərbaycanda dəhşətli bir fikir xaosu var:

 

“Daha doğrusu, fikirsizlik xaosu var. Siyasi proseslərə də münasibət bu cürdür. At izi it izinə qarışıb. Bilən adamlar var. Onları da camaat ya dinləmir, tanımır. Ya da özü danışmır. Hesab edir ki, danışmağın əhəmiyyəti yoxdur. Ağır dərddir”.

 

Digər müsahibimiz yazıçı, şair Aqşin Yenisey bildirib ki, biz XIX əsrdən, romantizmdən əvvəlki tərənnümçülük çağında yaşayan cəmiyyətlərdənik:

 

“Sənət adamı bizi tərənnüm etməlidir. Çox böyük sənət adamlarımızı bu milli narsisizmə qurban vermişik. O boyda Rəşid Behbudova Bakını, buruqlarmızı, dağ-dərəmizi tərənnüm edən mahnılar oxutdurub bəşəriləşməyə qoymadıq. Elza xanımda zərrəcə savad və istedad olsaydı, mən onu fransız şairi Bodlerlə müqasiyə edərdim. Amma təəssüf ki, bu qadında ədəbiyyatın işinə yarayacaq heç bir şey yoxdur. AYB üzvü olmadığım üçün onların işinə qarışmıram”.

 

Günay Rəsulqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
sfera.az

3Mənbələr