AZ

Rusiyanın və İranın Azərbaycandan tranzit asılılığı artır...

Image

İranın iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmati İran, Rusiya, Hindistan və Körfəz ölkələri arasında əməkdaşlığı artırmaq üçün tranzit marşrut kimi beynəlxalq əhəmiyyyətli Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. İRNA agentliyinin məlumatına görə, o, bu barədə Hemmati Rusiya prezidenti Vladimir Putinin köməkçisi İqor Levitinlə görüşdə deyib.

Bununla yanaşı, Əbdülnasir Hemmati qeyd edib ki, Rusiyanın Şimal-Cənub meqalayihəsinə ciddi dəstək verəcəyi gözlənilir: “İran hökuməti digər ölkələrin layihəyə sərmayə qoymasını dəstəkləyir”. Nazir İranın xüsusi investisiya stimulları təqdim etməklə digər ölkələrin beynəlxalq nəqliyyat dəhlizində iştirakını asanlaşdırmağa hazır olduğunu qeyd edib. O, Rusiyanın İrana, xüsusilə neft, logistika və tranzit infrastruktur layihələrinə investisiyalarının genişlənəcəyinə ümid etdiyini bildirib. Öz növbəsində Rusiya tərəfi bəyan edib ki, nəqliyyat dəhlizində işlərin icrası Rusiya prezidentinin xüsusi sərəncamı ilə həyata keçirilir. Levitin bildirib ki, ölkəsi Rəşt-Astara dəmir yolu üçün büdcə ayıracaq. Burada xatırladaq ki, Rusiya və İranı birləşdirən əsas yollar Azərbaycandan keçir. İki ölkəni keşmişdə birləşdirən dəmir yolunun Ermənistandan keçən hissəsinin açılması ilə bağlı hazırda Rusiya, İran, Azərbaycan və Ermənistan arasında fikir ayrılıqları mövcuddur. İran bu yolun Ermənistandan keçən hissəsinin, yəni Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxış edir. Azərbaycan və Rusiya dəhlizin açılmasını dəstəkləyir. Ancaq Rusiya və Ermənistan arasında yüklərin daşınmasının təhlükəsizliyinə nəzarət məsləsində fikir ayrılıqları var. Belə ki, Ermənistan öz ərazisində yüklərin daşınmasının onun qanunvericilik normalarına uyğun olmasını istəyir. Azərbaycan isə Zəngəzur dəhlizindən onun Naxçıvan Muxtar Respublikasına daşımalarının dəhliz xarakterli olmasını istəyir. Bununla yanaşı, Rusiya və İran Şimal-Cənub nəqliyyat dəhlizinin Ermənistandan yan keçməklə Azərbaycan üzərindən keçən layihəsi üzərində də iş aparır. Bu layihənin Azərbaycandan keçən hissəsi tam hazırdır. Hazırda dəhlizlə yük avtomobilləri daşımalar həyata keçirir. Azərbaycan ərazisində dəmir yolunun tikintisi də tam həyata keçirilib. Hətta Azərbaycan Astarasını İran Astarası ilə birləşdirən dəmir yolu körpüsü də inşa edilib. Hazırda dəmir yolunun İran ərazisində Rəşt-Astara hissəsinin tikintisinin həyata keçirilməsi isitqamətində işlər aparılır. Xatırladaq ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan Şimal-Cənub layihəsinə 2005-ci ildə qatılıb. Lakin burada artıq həlledici ölkəyə çevrilib.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut  olan Suveyş kanalı üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir. Hazırda  Azərbaycan və Rusiyanın münasibətlərində Şimal-Cənub dəmir yolu dəhlizinin işə salınması prioritetdir. Çünki Rusiya istəyir ki, Azərbaycan və İran vasitəsi ilə cənub dənizlərinə çıxa bilsin. Bu zaman Azərbaycanın əhəmiyyəti daha da artacaq. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində bir sıra mühüm məsələlərlə yanaşı, Şimal-Cənubdəhlizinin inkişafı məsələsi də müzakirə olunub. Azərbaycan Şimal-Cənub dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli coğrafi xarakteristikasından səmərəli şəkildə faydalanaraq üçtərəfli regional əməkdaşlığı inkişaf etdirmək və mövcud şəraitdən bəhrələnmək, yeni dividendlər qazanmaq istəyir. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur.

Bundan başqa, xüsusi qeyd olunmalıdır ki, Şimal-Cənub marşrutu Azərbaycan, İran və Rusiya ərazilərində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək, beynəlxalq yüklərin bu istiqamətə daha çox miqdarda axınına təkan verəcək. Azərbaycanın bu dəhlizdən gözləntiləri xüsusilə çoxdur. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa, Cənubi Asiya və Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. Rusiyanın “Roskonqres” Fondunun analitiklərinin hesablamalarına əsasən, 2022-ci və 2023-cü illər ərzində dəhlizlə yükdaşımalar 18 faiz artaraq 19 milyon tondan 22,6 milyon tona çatıb. Yükdaşımaların həcminin 2030-cu ildə 30, 2035-ci ildə isə 35 milyona çatacağı gözlənilir. Qeyd edək ki, Şimal-Cənub dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu istismara verildikdən sonra yükdaşımaların həcmi daha artaraq tranzit ölkələrin gəlirlərinin də çoxalmasına səbəb olacaq. Yüklərin Hindistanın Mumbay limanından İranın Çabahar limanına, oradan isə Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınması nəzərdə tutulub. Bu yolun Qəzvin-Rəşt hissəsi artıq fəaliyyət göstərir. Rəşt–Astara hissəsində isə işlər davam edir. Amma onun tezliklə başa çatmasına Rusiya xüsusi maraq göstərir. Bu da iş başa çatdıqdan sonra Azərbaycanı daha mühüm aktora çevirəcək.

Ramil QULİYEV





Seçilən
0
3
baki-xeber.com

4Mənbələr