AZ

Məmmədov: “Çempionluq yarışından qopmayacağıq”

“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov I Liqanın II turunda “Cəbrayıl”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qolsuz başa çatan matçla bağlı bunları deyib:

“Çox gərgin oyun oldu. 5 gün öncə də “Qəbələ” ilə ağır matçı keçirmişdik. Hətta həmin görüşdə bir neçə futbolçumuz zədələnmişdi. Bərpa üçün yetərincə vaxtımız olmadı. Buna baxmayaraq, futbolçularım əllərindən gələni etdilər. Meydana qələbə üçün çıxmışdıq. Müəyyən çətinliklər yaşandı. Öncədən də düşünürdük ki, kim qol vursa, o qalib gələcək. Rəqibi yetərincə analiz etmişdik. Keyfiyyətli heyətləri, yaxşı oyun planları var. Bizim də inamlı müdafiəmiz öz etibarlılığını qoruyur. Hücumda müəyyən çatışmazlıqlarımız var. Son nöqtəni qoymaqda çətinlik yaşayırıq. Bunun üzərində çalışırıq. Zədəlilərimizin komandaya dönməsindən sonra tamam fərqli oyun göstərəcəyik”.

Mütəxəssis çempionluq yarışında olacaqlarını qeyd edib:

“Özümüzü favoritlərdən biri hesab edirik. Həm oyunumuzla, həm də nəticələrimizlə bunu sübut etdik. Bu il I Liqada aşkar favorit görmürəm. Məşqçi olaraq matçların hamısını izləyirəm. Bütün komandaların bərabər olduğunu düşünürəm. Təbii ki, “Qəbələ”, “Baku Sporting”, “Karvan”, “İmişli” kimi komandaların heyətində təcrübəli futbolçular çoxdur. Amma yaxşı heyət yığmaqla komanda oyunu nümayiş etdirmək fərqli şeylərdir. Biz də çempionluq yarışından qopmayacağıq. Qarşımıza ən azından ilk “3-lük”də qərarlaşmağı hədəf qoymuşuq. Gücümüz və futbolçularımızın potensialı var. Bütün matçlarda canımızı sona qədər meydanda qoyub, döyüşürük”.

Seçilən
20
futbolpress.az

1Mənbələr