Yaponiyanın “Icom” korporasiyası istehsal etdiyi rabitə cihazların Livanda kiberhücumdan sonra partlaması ilə bağlı məlumatları yoxlayır.
Bu barədə “Reuters” məlumat yayıb.
“Livanda şirkətimizin loqosu olan rabitə cihazlarımızın partlaması ilə bağlı xəbərlər daxil olub. Hazırda insidentin başvermə səbəblərini araşdırırıq”, – məlumatda deyilir.
“İcom” yoxlamanın nəticələrinə əsasən əlavə məlumat verəcəyini vəd edib.
“Icom”un saytında dərc olunan məlumata görə, IC-V82 2004-cü ildən 2014-cü ilin oktyabr ayına qədər Yaxın Şərq daxil olmaqla istehsal edilmiş və ixrac edilmiş əl radiosudur. “Onun istehsalı təxminən 10 il əvvəl dayandırılmışdı və o vaxtdan bəri şirkətimizdən göndərilməyib. Əsas aqreqatın işləməsi üçün lazım olan akkumulyatorların istehsalı da dayandırılıb və saxta məhsulları ayırd etmək üçün holoqram plomb vurulmadığından məhsulun şirkətimizdən göndərilib-göndərilmədiyini təsdiqləmək mümkün deyil”.
Qeyd edək ki, Tayvan və Macarıstan Livanın müxtəlif yerlərində partlayan qurğuların istehsalını inkar edib.
Tayvanın “Gold Apollo” şirkəti cihazların istehsalını inkar edib və Budapeştdəki tərəfdaşı “BAC Consulting”ə işarə edib.
Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaçın sözlərinə görə, sözügedən qurğular Macarıstanda heç vaxt mövcud olmayıb.
O qeyd edib ki, Budapeşt partlayışların araşdırılmasında bütün müvafiq beynəlxalq tərəfdaş qurum və təşkilatlarla əməkdaşlıq edir.