Bu ilin avqust ayında Azərbaycanda vergi orqanlarına daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 % azalaraq 1 251 olub.
"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay vergi orqanlarına ümumilikdə 45 947 müraciət daxil olub ki, onların 96,7 %-ni ərizələr, 3,2 %-ni şikayətlər, 0,1 %-ni isə müxtəlif təkliflər təşkil edib.
Daxil olmuş müraciətlərdən 83,9 %-nə baxılması avqustda başa çatdırılıb, 16,1 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 39,6 %-i həll olunub, 59,5 %-i barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
Həll edilmiş şikayətlərin 68,9 %-i kameral vergi yoxlamaları, 6,3 %-i şəxsi hesab vərəqələri, 4,7 %-i riskli vergi ödəyiciləri, 3,9 %-i vergi borcu, 2,4 %-i vergi ödəyicisinin qeydiyyatı, 2,4 %-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 1,6 %-i vergi mükəlləfiyyətləri, 9,8 %-i isə digər məsələlər ilə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 72 vətəndaşın qəbulunu təşkil edib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.