AZ

Sevinc Fətəliyeva: “Azərbaycan suverenliyini bərpa etməklə regionda yeni reallıqlar yaradıb”

Şanlı ordumuz tərəfindən Qarabağda həyata keçirilən antiterror tədbirlərindən bir il ötür. Antiterror tədbirləri Ordumuzun gücünü göstərməsi ilə yanaşı müasir tariximizin ən mühüm hadisələrindən biridir. Çünki bununla Qarabağda erməni separatizminin kökü birdəfəlik kəsildi.

Bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, 2020-ci ilin noyabrında İrəvanın imzaladığı kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

 

Millət vəkilinin sözlərinə görə, ötən ilin 19 sentyabrında Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, respublikamızın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

“Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Antiterror tədbirləri zamanı bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Antiterror tədbirləri nəticəsində mülki əhaliyə heç bir zərər dəymədi. Bu o deməkdir ki, ordumuz humanitar qaydalara yüksək səviyyədə əməl etdi. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızı yüksəltdi, Azərbaycanın Zəfər tarixi ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı”,-deyə S.Fətəliyeva vurğulayıb.

Deputat söyləyib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatının nəticəsində də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişdilər. Beləliklə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə tarximizin şanlı səhifəsini yazdı. Suverenliyini bərpa etməklə regionda yeni reallıqlar yaradan dövlətimiz beynəlxalq müstəvidə də mövqelərini əhəmiyyətli dərəcədə yüksəldib. Bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edib.

Seçilən
40
4
xalq.az

10Mənbələr