AZ

Dioqo Verdaska: “Kəpəz”də bu sevgini qazanmaq istəyirik”

“Kəpəz”in yeni transferi Dioqo Verdaska Azərbaycan klubuna transferi ilə bağlı Gəncə təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, portuqaliyalı müdafiəçi azarkeşlərin sevimlisi olmaq istədiyini deyib:

“Burada olduğum üçün çox xoşbəxtəm. Bir az da həyəcanım var. Bütün var gücümü ortaya qoyub komandama kömək etmək istəyirəm. Qarşıdakı oyunlarda bacarığımı göstərmək üçün çox çalışacağam. Azərbaycanda bir çox portuqaliyalı futbolçunun çıxış etməsindən xəbərdaram. “Kəpəz”də də həmyerlilərim oynayır. Ötən mövsüm Gəncədə forma geyinən İqor Rodriqesin azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdaram. Bunu qarşılanmağımdan hiss etdim. Mən və indiki komanda yoldaşlarım da bu sevgini qazanmaq istəyirik. Bunun üçün də dayanmadan məşq edəcəyik. Portuqaliyalıların “Kəpəz”də özünü ən yaxşı tərəfdən göstərməsi mənim üçün qürurvericidir”.

Verdaska Azərbaycan millisinin baş məşqçisi Fernando Santosun da həmyerlisi olmasını vurğulayıb: “Fernando Santos da portuqaliyalıdır. Onun da burada olması xoşdur. Təcrübəli mütəxəssisdir, yığmanıza köməyi dəyə bilər”.

Xatırladaq ki, Dioqo Verdaska ötən gün “Kəpəz”lə 1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçunun son klubu İspaniyanın ikinci liqa təmsilçisi “Mirandes” olub. “Portu”nun yetirməsi olan Dioqo Verdaska İspaniyada “Real Saraqosa”nın da uğurları üçün çalışıb. O, “Beytar” (İsrail, Yerüsəlim) və “Şlensk” (Polşa, Vrotslav) klublarında oynayıb.

“Mirandes”ə 2023-cü ilin iyulunda cəlb olunmuş Verdaska bu komandanın heyətində cəmi 2 oyuna çıxıb. O, Portuqaliyanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Seçilən
29
6
arena.az

9Mənbələr