Bakı, 19 sentyabr, AZƏRTAC
Bu gün dünyanın qlobal problemlərindən biri ətraf mühitin sabitliyinin təhlükə qarşısında qalması, mövcud ekosistemlərin dağılması təhlükəsinin artmasıdır. Atmosferin ozon qatının dağılması, qlobal istiləşmə, səhralaşma prosesinin getdikcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması dünyanı narahat edən ciddi problemlərdir.
Ölkəmizdə Kür, Araz və digər çayların, Xəzər dənizinin, torpaqların çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya azalması ekoloji problemlərin təxirə salınmadan həllinin zəruriliyini, ekoloji biliklərə tələbat və marağı günü-gündən artırır.
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi ilə yanaşı, müvafiq sahələrdə problemlərin elmi istiqamətdə tədqiqinə mühüm töhfələr verir.
Bu barədə AZƏRTAC-dan BDU-dan məlumat verilib. Bildirilib ki, Ekologiya və torpaqşünaslıq fakültəsi 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsinə töhfə olaraq BDU-nun Elmi şurasının qərarı ilə Biologiya, Coğrafiya və Kimya fakültələrinin müvafiq kafedralarının bazasında yaradılıb.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, Azərbaycanın bu ilin noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkəmizin dünyanın ekoloji balansının qorunması istiqamətində mühüm rola malik olduğunu göstərir. Bu, Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyətinin üzərinə də mühüm öhdəliklər qoyur.
Fakültədə təbii ehtiyatların və təbii şəraitin qorunması, daha səmərəli istifadə olunması problemləri, keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodlarının öyrənilməsi, torpaq kadastrı, torpaqların bonitirovkası, ekoloji münbitlik modeli, neft-qaz və neft-kimya sənaye müəssisələrində formalaşan istehsalat tullantılarının ətraf mühitə ekoloji təsirlərinin qiymətləndirilməsi öyrənilir. Həmçinin Abşeronun təbii şəraitinin antropogen dəyişməsinin qiymətləndirilməsi, təbii şərait və təbii ehtiyatların qiymətləndirilməsinin metodları, şəhərlərin atmosferinin çirklənməsi, proqnozlaşdırılması və mühafizə yolları, landşaftların ekologiyası və mühafizəsinin problemləri, bazar iqtisadiyyatı şəraitində regionların davamlı inkişafının ekoloji əsasları və problemləri araşdırılır.
Ekologiya və torpaqşünaslıq fakültəsinə 2011-2021-ci illərdə professor Nazim Şəmilov, 2022-ci ildən isə dosent Akif Ağbabalı rəhbərlik edir. Fakültədə hazırda 45 nəfərdən ibarət professor-müəllim heyəti çalışır, 870 bakalavr, 85 magistrant, 9 doktorant, 4 dissertant təhsil alır.
Fakültə ABŞ, Türkiyə, Almaniya, Avstriya, Rusiya, Gürcüstan, Portuqaliya və İtaliyanın qabaqcıl universitet və elmi mərkəzləri ilə əməkdaşlıq edir.
Hazırda fakültədə 5 kafedra və 2 tədris laboratoriyası fəaliyyət göstərir.
Coğrafi ekologiya kafedrasında Azərbaycanda təbii ekoloji şəraitin qiymətləndirilməsi və mühafizəsi yolları istiqamətində tədqiqat işləri aparılır.
Ekoloji kimya kafedrasının elmi istiqaməti ətraf mühitin toksiki birləşmələrlə çirklənməsinin monitorinqini aparmaq, aradan qaldırılması yollarını müəyyənləşdirməkdir.
Kafedranın nəzdində mərhum akademik Rəfiqə Əliyeva tərəfindən yaradılmış Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərib. Hazırda laboratoriya BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyətini davam etdirir. Laboratoriya ətraf mühit obyektlərində bir sıra metal ionlarının miqdarının təyini və qatılaşdırılaraq ayrılmasını təmin edən yeni metodikaların işlənib hazırlanması ilə məşğul olur.
Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında torpaqların genezisi, coğrafiyası və xəritələşdirilməsi, münbitliyinin müqayisəli və ekoloji qiymətləndirilməsi, münbitliyin bərpası, mühafizəsi və səmərəli istifadəsi, Azərbaycanın torpaq-kadastr rayonları torpaqlarının tədqiqi və qiymətləndirilməsi ilə əlaqədar tədqiqatlar yerinə yetirilir.
Bioekologiya kafedrasının elmi istiqaməti biomüxtəlifliyin tədqiqi, mühafizəsi, səmərəli istifadəsi və kompleks ekoloji qiymətləndirilməsi məsələləri ilə bağlıdır.
Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası fövqəladə hadisələrdən müdafiə sahəsində hazırlığın həyata keçirilməsi, ehtimal olunan fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydalarının tədrisi və təbliği istiqamətində fəaliyyət göstərir.
Ekologiya və torpaqşünaslıq fakültəsi universitetin 105 illik yubileyi ilində yeni uğurlara inamla addımlayır. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin bu baxımdan mühüm əhəmiyyəti var. Ölkəmizdə yaşıl enerjiyə keçid sürətlə baş verir, Azərbaycan bu sahədə qabaqcıl ölkələr sırasındadır. COP29 çərçivəsində ölkələr arasında körpü yaratmaqla öhdəliklərin daha sürətli icrası çox yaxşı imkanlar yaradacaq, ekologiya elminin inkişafına öz töhfəsini verəcək.