“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində Türkiyə Dövlət Dəmir Yollarının törəməsi - “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçınla görüşüb.
"İki sahil" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Tərəflər arasında bu il ikinci dəfə keçirilən görüşdə iki qardaş ölkənin dəmir yolu sahəsində əməkdaşlığının əsas istiqamətləri və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin Bakı–Tbilsi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsindən sonra Orta Dəhliz üzrə yükdaşımaların artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə yüklərin Şərqdən Qərbə, eləcə də əks istiqamətdə daşınmasında olduqca böyük rol oynayır və BTQ ilə Orta Dəhliz üzrə yükdaşımaların artırılması üçün ortaq addımlar atır.