“19 sentyabr 2023-cü ildə başladılan antiterror əməliyyatı əslində sentyabrın 27-si 2020-ci ildə başlayan Vətən müharibəsinin davamı idi. Biz işğalda olan ərazilərimizi geri qaytarmış olsaq da, proses bitməmişdi. Çünki hələ də separatizm Azərbaycanın ərazisində mövcud idi. Və Azərbaycan konstitusiyasını, idarəetməsini təkzib edərək qeyri-qanuni bir rejim yaratmışdılar ki, bu rejim də 30 il müddətində Azərbaycanın 1 milyona qədər əhalisinə əziyyət yaşatmışdılar. Eyni zamanda, Azərbaycanın sərvətini istismar edib, oğurlayıb, satıb, mənimsəmişdilər”.
Bunu hafta.az-a siyasi ekspert Natiq Miri Azərbaycan Prezidentinin Suverenlik Günü ilə bağlı sərəncamı və antiterror əməliyyatının 1 ili ilə bağlı açıqlamasında deyib.
N.Miri qeyd edib ki, 19 sentyabrda başladılan antiterror əməliyyatı Azərbaycanın bütün ərazilərinin dövlətin idarəetməsi altına keçməsini təmin etdi. Belə ki, Azərbaycanın suveren hüquqları bütün ərazilərdə təsbit olundu, bərqərar edildi:
“Azərbaycan bir dövlət olaraq bütöv bir sistem kimi yenidən bərpa olundu. Sərhədlər bağlandı, Azərbaycan bütövləşdi, Konstitusiyamız bütün ərazilərində keçərli oldu. Ən nəhayət, 19 sentyabr erməni separatizminin tabutuna vurulan son mismar oldu. Ancaq bütün bunların fonunda ortalığa çıxan bir həqiqət var. Bəlli oldu ki, bizim üçün yaradılan proseslərdə sadəcə iştirakçı olaraq iştirak etmək bizə heç nə qazandırmır. Nə zaman ki, biz dövlət olaraq özümüz müstəqil hadisə və proseslər yarada bildik, onda irəlilədik qalib gəldik. 1 gündən də tez separatizmin belini birdəfəlik qırdıq. Bizim qəhrəman övladlarımızın qəhrəmanlığı, cəsarəti və sürəti kontekstində düşmən özünü o səviyyədə itirdi ki, yuxuda belə görə bilmədiyimiz hadisələri biz ard-arda yaşamağa başladıq. Mülki ermənilər düşündülər ki, kütləvi olaraq Qarabağı tərk edib getməklə havadarlarının vasitəsilə guya Azərbaycanı etnik təmizləmədə ittiham edə biləcəklər və yenidən beynəlxalq nəzarət vasitəsi ilə Qarabağa qayıdışı təmin edib, mövqelərini daha da gücləndirəcəklər. Ancaq bu, yalnış və tələsik bir qərar idi, ona görə də gözlədikləri olmadı. Bu baxımdan 19 sentyabr sadəcə 23 saat ərzində qəhrəman övladlarımızın keçirdiyi əməliyyat deyil. 30 ilə yaxındır Azərbaycanın başına hörülən bu şəbəkə torunu tamamilə məhv etdik. Əlbəttə ki, bu, bir çox qlobal güclərin geosiyasi niyyətlərini alt-üst etdi. Çünki gözləmədikləri bir vəziyyət yaranmışdı. Ona görə də 19 sentyabr tarixə, xüsusilə Azərbaycan tarixinə sözün əsl mənasında böyük və qızıl hərflərlə yazıldı”.