AZ

Ordumuz yüksək peşəkarlıqla tapşırıqları uğurla icra etdi - Çingiz Qənizadə

Yazını böyüt
Yazını kiçilt

“10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatla bizim qələbəmiz, işğalçının isə məğlubiyyəti rəsmən təsdiqlənsə də, Ermənistan bu məğlubiyyətdən nəticə çıxarmadı. Yenidən təxribatlara əl ataraq sərhədboyu ərazilərdə atəşkəs rejimini pozdu və mina terroru ilə həm mülki şəxslərin, həm də hərbçilərimizin həyatını itirməsinə səbəb oldu”.

Bunu hafta.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib. O, qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunub. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilərək müxtəlif yerlərdə basdırılıb.

Ç.Qənizadə bildirib ki, müharibədən sonra Azərbaycan tərəfi dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, işğalçı ölkə hər dəfə danışıqlardan boyun qaçırmış, hətta suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirmişdir:
“2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini və hərbi texnikasını Azərbaycanın ərazisindən çıxarmamışdı. Bu barədə ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xarici havadarlarına müraciət etsə də, işğalçı ölkə öz çirkin niyyətindən əl çəkmədi. Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul oldular. İşğalçı Ermənistan ordusu mina terroru həyata keçirməklə hətta mülki əhalini qətlə yetirir, insanların rahat yaşamalarına ciddi problem yaradırdı. Halbuki, Prezident, Ali Baş Komandan İlham Əliyev Qarabağda lokal xarakterli antiterror əməliyyatı keçirilən zaman bütün hərbi birləşmələrimizə ciddi tapşırıq vermişdi ki, antiterror tədbirləri zamanı Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Hərbçilərimiz yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail oldular. Eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki şəxslər özlərini tamamilə sığortalanmış vəziyyətdə hiss etdilər. Bununla yanaşı, göstəriş verilmişdi ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, yalnız hərbi infrastruktur sıradan çıxarılmalıdır. Yenilməz ordumuz həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərərək tapşırıqları uğurla icra etdi”.
İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin mövcud olduğunu vurğulayan hüquqşünas qeyd edib ki, əslində üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Əksinə, Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələr daşınırdı:

“Bütün bunların qarşısını almaq və Ermənistan tərəfindən birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq, Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi quruldu. Bütün bunlar yenə də separatçıları öz məkrli niyyətindən döndərə bilmədi. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdilər. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün erməni silahlı qüvvələri növbəti terror aktı törətdi və bu da iki mülki əməkdaşın həlak olması ilə nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsini labüdləşdirdi. Sentyabrın 19-dan 20-ə keçən gecə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Bu dəfə də ordumuzun peşəkarlığı, böyük qəhrəmanlığı və şücaəti dünyanın diqqət mərkəzində oldu”.
Ç.Qənizadə bildirib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işləri davam etdirilir, keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qayıdır, hər cür infrastruktura malik mənzillərdə rahat və təhlükəsiz yaşayırlar. O, qeyd edib ki, artıq dünya birliyi də şahiddir ki, Qarabağ Azərbaycandır”.

Seçilən
32
1
hafta.az

2Mənbələr