AZ

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün - sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.

Publika.az xəbər verir ki, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ilk dəfədir qeyd olunur.

Prezident İlham Əliyevin bu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün - sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən bir il ötür.

Ötən il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiter­ror tədbirlərinə başlanılmışdı.

Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu:

1. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiter­ror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi.

Seçilən
17
25
publika.az

8Mənbələr