AZ

“Bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən”

Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığından danışıb.

Yenilik.az xəbər verir ki, dövlət başçısı dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarının olmadığını bildirib.
“44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir”, - deyə Prezident qeyd edib.
“Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Nə 7, 6, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə Ermənistanı silahlandıran, onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Heç kim. Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”, - deyə dövlət başçısı əlavə edib.
“Biz bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var.
Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən. O, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır.
Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır, var. Cəmiyyətdə birlik olmalıdır, bu da var”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident bildirib ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur.
“Bizdən sonra gələn nəsil, gənclər, onlar da bu yolla getməlidirlər. İlk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi”, - deyən dövlət başçısı vurğulayıb ki, demək olar bütün böyük güclər bu işğalı əbədi etmək istəyirdilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
yenilik.az

10Mənbələr