AZ

“Kəpəz”dən Vurğun Hüseynova xatirə hədiyyəsi

“Kəpəz”in “Şamaxı” ilə oyunundan öncə karyerasını başa vuran Gəncə klubunun kapitanı Vurğun Hüseynova xatirə hədiyyəsi təqdim olunub.

Arena.az xəbər verir ki, məşqçiliyə başlayan Vurğun Hüseynova Gəncə klubunun icraçı direktoru Cabir İbrahimov tərəfindən üzərində “Hüseynov” yazılan 3 nömrəli forma verilib.

Xatırladaq ki, “Kəpəz” sentyabrın 13-də Vurğun Hüseynovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlamışdı. Klub xidmətlərinə görə Vurğun Hüseynova təşəkkür etmiş, gələcək həyatında uğurlar arzulamışdı.

Vurğunun “Kəpəz”dən ayrılmasına futbolçu karyerasını bitirməyə qərar verməsi səbəb olub. Hüseynov bundan sonra məşqçilik edəcək. Onun yeni iş yeri də məlumdur. 36 yaşlı Hüseynov uzun illər özünün də formasını geyindiyi “Sumqayıt”da çalışacaq. Onun hansı yaş qrupundan ibarət komandada məşqçilik edəcəyi isə hələlik dəqiqləşməyib.

Xatırladaq ki, Vurğun Hüseynov ötən mövsümün əvvəlində, 2023-cü ilin iyul ayında “Sumqayıt”dan azad agent kimi ayrılaraq “Kəpəz”ə keçmişdi. 36 yaşlı müdafiəçi 2023/2024 mövsümündə “Kəpəz”in heyətində cəmi 7 oyuna çıxıb. Bu mövsüm isə o, ümumiyyətlə Gəncə təmsilçisinin heyətində oyun keçirməyib. Bu ilin iyul ayında klub Vurğun Hüseynovla 1 illik yeni müqavilə imzalandığını bəyan etmişdi.

Hüseynov daha öncə “Sumqayıt”, “Turan Tovuz” və “Qəbələ”də də forma geyinib. Təcrübəli oyunçu Sumqayıtın eyniadlı təmsilçisinin heyətində 229 oyuna 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Onun “Turan Tovuz” karyerası 31 oyun və 2 qoldan ibarətdir. “Qəbələ”də isə müdafiəçi 26 oyuna çıxıb, 1 qola imza atıb.

Vurğun Azərbaycan milli komandasında da 15 oyun keçirib, 1 qola imza atıb.

Seçilən
53
1
arena.az

2Mənbələr