AZ

Əsrin müqaviləsindən Dövlət Suverenliyinə aparan uğurlu siyasət

 

Bu gün Azərbaycanda ilk dəfə olaraq Dövlət Suverenliyi günü kimi qeyd olunur. Eyni zamanda düz 30 ildir ki, sentyabrın 20-si Əsrin Müqaviləsi adlandırılan hasilatın pay bölgüsü sazişinin imzalandığı gün kimi də qeyd olunur. Azərbaycanda bu gün həmin müqaviləyə görə Neftçilərin peşə bayramı hesab olunur.

Əsrin müqaviləsi 30 il öncə - 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə səkkiz ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi üzrə imzalanıb. Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlayıb. İlkin olaraq 30 il müddətinə imzalanmış və 2017-ci ildə əsrin ortalarına qədər uzadılmış AÇG Hasilatın Pay Bölgüsü Sazişi 2 dekabr 1994-cu il tarixində Milli Məclis (Azərbaycan Parlamenti) tərəfindən ratifikasiya edilib, 14 dekabr 1994-cu il tarixində qüvvəyə minib. Saziş keçmiş Sovet İttifaqından ayrılan ölkələr arasında Qərb transmilli şirkətləri tərəfindən ilk böyük investisiyanın yatırılmasını təmin etdiyinə görə ƏSRİN MÜQAVİLƏSİ adlandırılıb.

HPBS ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (bp, Amoco, Unocal, LUKoil, Statoil, Exxon, TPAO, Pennzoil, McDermott; Ramco; Delta Nimir) təşkil olunmuşdu.

1999-cu ilin iyun ayından etibarən, bp ABƏŞ üzrə operatorluq funksiyasını öz üzərinə götürüb. Şirkətin yaydığı açıqlamada AÇG-nin 30 illiyi Azərbaycanın neft və qaz sənayesinin yeni tarixinin əlamətdar bir səhifəsi kimi qiymətləndirilir:

“Bu ildönümü həm də SOCAR, bp və onun AÇG sazişindəki  tərəfdaşları  üçün  əlamətdar bir tarixdir”.

Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2000-3500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.

Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: Çıraq yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca Azəri Layihəsi Mərhələ 1 - Mərkəzi Azəri gəlir. Orada hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı 2-ci faza Qərbi Azəri və Şərqi Azəri platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında başlanıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində Dərinsulu Günəşli platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra Qərbi Çıraq platformasını əhatə edən Çıraq Neft Layihəsi davam edib. Həmin platformadan ilk neft 28 yanvar 2014-cü il tarixində əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə Azəri Mərkəzi Şərqi (ACE) layihəsidir. Bu layihəyə 2019-cu ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarət olub.

Saziş çərçivəsində ilk neft 1997-ci ilin noyabr ayında hasil edilib. Həmin gündən 2024-cü ilin ikinci rübünün sonunadək AÇG-dən 593 milyon ton (təqribən 4,4 milyard barel) neft hasil edilib. 

Əsrin müqaviləsi Azərbaycanın neft-qaz sektoruna xarici sərmayə axınının əsasını qoymaqla, hasil edilən xammalın Avropa və dünya bazarına çatdırılmasını həyata keçirən nəhəng bir ixrac şəbəkəsinin yaradılmasına gətirib çıxarıb. İndiyədək bu şəbəkənin ilk və əsas kompponenti olan Bakı-Tiflis-Ceyhan boru xətti vasitəsilə 4.3 milyard bareldən çox ACG nefti dünya bazarlarına daşınıb. 2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 5707 tanker Ceyhan terminalından yola salınıb.

AÇG-dən yalnız neft deyil, böyük miqdarda səmt qazı da əldə edilir. Onun laylara vurulmayan hissəsi pulsuz olaraq Azərabycan hökumətinə verilir. Hasilatın başlanğıcından 2024-cü ilin ikinci rübünün sonunadək təqribən 57 milyard kubmetr AÇG səmt qazı Azərbaycana təhvil verilib. 

AÇG layihəsinin əsaslı xərcləri 2024-cü ilin ikinci rübünün sonunadək 45 milyard dollar təşkil edib.

1994-cü ildə AÇG layihəsi başlanandan 2024-cü ilin ikinci rübünün sonunadək bp və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə təqribən 111 milyon dollar xərcləyiblər. 

2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılıb. Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verilib. 2024-cü il aprel ayının 16-da ACE platformasından ilk neft əldə olunub.

AÇG layihəsi  çərçivəsində bir platforma - Çıraq platforması, yenidən qurulub, səkkiz təzə platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı inşa edilib, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılıb. 

2024-cü ilin ikinci rübünün sonunda AÇG-də 144 hasilat quyusu, 45 suvurma və 8 qaz injektor quyusu vardı. Hazırda AÇG yatağından gündə təxminən 336 000 barel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən BTC və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.

AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb. 2001-ci ildən etibarən bu ilin sentyabrın 1-nə kimi AÇG yatağı üzrə mənfəət neftinin satışından əldə edilən gəlirlərin həcmi 174 milyard ABŞ dolları olub. Bu ilin əvvəlindən sentyabrın 1-nə kimi AÇG yatağından 4 milyard 271,6 milyon ABŞ dolları gəlir əldə edilib. Sözügüdən layihə üzrə Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 2001-ci ildən bu günə qədər ARDNF-yə ödənilən bonusların ümumi həcmi 3,3 milyard ABŞ dolları təşkil edib.

Enerji sahəsi üzrə ekspert İlham Şabanın sözlərinə görə, saziş imzalanan zaman hesab edilirdi ki, 2024-cü il sentyabrın 20-da  “Əsrin müqaviləsi”nin əsas dövrü bitəcək,: “Çünki müqavilə 30 il müddətinə (5 il də artırılmaq şərti ilə) bağlanmışdı. Lakin 2017-ci il sentyabrın 14-də müqavilənin müddəti 2050-ci ilə qədər uzadıldı. Buna səbəb isə müqavilə sahəsində neft hasilatının uzunömürlüyünü yəqin etmək üçün şirkətlərdə yatırım üçün stimul yaratmaq idi (həqiqətən də, müqavilə müddəti uzadıldıqdan sonra 2019-cu ildə dəyəri 6 milyard dollar olan “Azəri Mərkəzi Şərqi” layihəsinə start verildi və bu ilin aprelində həmin layihə üzrə ilk neft hasilatına başlanıldı - ümumilikdə bu layihə üzrə 300 milyon barel neftin çıxarılması təxmin edilir).

2024-cü il iyulun 1-dək layihəyə 56,67 milyard dollar sərmayə qoyulub. Nəticədə 4,39 milyard barel neft hasil edilib. Bu xərclər çoxdur, yoxsa az? Gəlin onları başqa bir Xəzər layihəsi ilə - Qazaxıstanın “Kaşağan” layihəsi ilə müqayisə edək (2000-ci ildə kəşf edilib və stabil hasilat yalnız 2016-cı ilin oktyabrında başlayıb). Neft hasilatının başlamasına qədər “Kaşağan” layihəsinə təxminən 56 milyard dollar sərmayə qoyuluşu edilib. Qazaxıstanın qurudakı “Tengiz” yatağının genişləndirilməsi layihəsi üçün (hasilatın 12 milyon ton artırılması) əsaslı xərclərin dəyəri isə 46 milyard dolları ötür. Bu baxımdan AÇG layihəsini Xəzər hövzəsində gerçəkləşdirilən iri layihələr içərisində kommersiya baxımından ən cəlbedicisi saymaq olar. Bundan əlavə, AÇG müqavilə sahəsində 229,9 milyard kubmetr səmt qazı hasil edilib.  Hasil edilən səmt qazının 56,9 milyard kubmetri kommersiya həcmlərinə çevrilib (yəni əmtəəlik qaz olub), 173 milyard kubmetri isə lay təzyiqini saxlamaq üçün yenidən neft quyularına vurulub.  Müqaviləyə əsasən, Səngəçal terminalında səmt qazı Azərbaycan Dövlət Neft Şirkətinə pulsuz verilir”.

Əsrin müqaviləsinin ölkəmizin tarixində oynadığı rolu dəyərləndirərkən, Dövlət Müstəqilliyi Günü elan olunan 20 sentyabrın tarixinə baxmaq kifayətdir. Azərbaycan Əsrin müqaviləsi ilə əsası qoyulan uğurlu neft-qaz siyasəti ilə irihəcmli gəlirlər əldə edərək, onlardan öz hərbi qüdrətini artırmaq üçün məharətlə faydalandı. Məhz həmin gəlirlər hesabına ordumuzun hərbi-texniki bazası gücləndirilərək ən müasir səviyyəyə çatdırıldı. Nəticədə həm 2020-ci ildəki 44 günlük Vətən Müharibəsində, həm də 2023-cü ilin 19-20 sentyabrında keçirilən lokal antiterror əməliyyatında Azərbaycan Ordusu yüksək peşəkarlıqla torpaqlarımızda  erməni separatizminin kökünü birdəfəlik kəsməyə nail oldu...

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
5
musavat.com

8Mənbələr