Ağdam, 21 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Ağdamda açılışı olan “Aghdam City Hotel” də turizmin inkişafında böyük rol oynayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “City Hotel” Ağdam şəhərinin mərkəzinə yaxın ərazidə inşa olunub. Otelin binası 5 mərtəbədən ibarətdir.
Otelin direktoru Murad Kodan bildirib ki, ən müasir standartlara cavab verən binada 130 otaq var. Birinci mərtəbədə qonaqları foye və gözləmə zonası qarşılayır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları yaradılıb. Oteldəki restoran və barlar qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır.
Diqqətə çatdırıldı ki, oteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş otaqlar da mövcuddur. “City Hotel”də qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradılıb.