Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.
Ondan sonrakı dövrdə isə Qarabağ iqtisadi rayonunda dalbadal baş verən və genişlənən erməni terrorunun aradan qaldırılması və ona son qoyulması məqsədilə 2023-cü ilin sentyabrın 19-da başlayan antiterror əməliyyatı 23 saat ərzində düşmən qüvvələrinin tam darmadağın edilməsi ilə nəticələndi və Azərbaycan ordusunun gücünü, qüdrətini, Azərbaycanın siyasi rəhbərinin, Azərbaycan xalqının iradəsini bir daha dünyaya sübut etdi.
İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur.
Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq.
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı sərəncamı olduqca böyük tarixi əhəmiyyətə malik sənəddir. Bu bizim xalqımızın tarixinin ən şanlı, ən şərəfli səhifələrindən biridir. Bu günün təsis edilməsinin, bayram günü kimi qeyd edilməsinin həm də böyük bir tarixi və mənəvi vətənpərvərlik əhəmiyyəti var. 44 günlük Vətən müharibəsi, ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin tam təmin olunması cənab Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan ordusunun, Azərbaycan xalqı ilə yumruq şəklində birləşərək həll etdiyi tarixi nailiyyətdir. Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi