Dövlət içində “dövlət” yaradılmasına, Qarabağın yuxarı bölgəsində ayrıca kukla prezident, oyuncaq parlament, saxta polis olmasına axıradək dözmək mümkün deyildi – rəy
Bu ildən etibarən 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü kimi hər il qeyd olunacaq. Antiterror tədbiri ilə əfi ilanın başı əzildi və bununla terrorçu yuvasında hüquqi dövlət qanunları işləməyə başladı. “Yeni Müsavat” yazır ki, hüquqi dövlət quruculuğu prosesində separatizmin məhvi ən böyük hadisə oldu.
Əks halda, hələ də xunta rejimi Azərbaycan ərazilərinin bir hissəsində dövlətə “meydan oxumağa” davam edəcəkdi. Bu isə dözülməz hal idi. Dünyanın hansı ölkəsində dövlət içində dövlət yaradılmasına, silahlı birləşmələr saxlanmasına, özünün ayrıca parlamenti, təhlükəsizlik xidməti, polisi və s. strukturlarının fəaliyyətinə icazə verilir? Nə ermənilər üçün dəridən-qabıqdan çıxan Fransada, nə ABŞ-da, nə Rusiyada. Hətta “Taliban” hökumətinin olduğu Əfqanıstanda belə qanunsuzluq yox idi. Məsələn, Fransada ayrıca erməni polisi xidməti varmı? Və ya Amerikada meksikalıların öz ordusu saxlanırmı? Amma Qarabağın yuxarı bölgəsində “artsax” adlı qanunsuz hökumət qurulmuşdu, özlərinin qondarma prezidenti var idi, oyuncaq seçkiləri keçirilirdi, geydirmə parlament yaradılmışdı, 20-30 min erməni üçün deputat seçirdilər. Təbii ki, ölkə içində ayrıca ölkə qurulması cəhdləri sona qədər davam edə bilməzdi və hüquqi dövlət quruculuğu prosesi Qarabağın ermənilər yaşayan hissəsinə də çatmalıydı. İndi Ermənistan rəsmiləri bəyan edirlər ki, “artsax”a aid hər hansı toplantının İrəvanda keçirilməsi, ölkənin milli maraqlarına təhdiddir. Bəs bunu bizə necə rəva görə bilirdilər?
Ona görə də qəhrəman hərbçilərimiz hüquqi dövlət quruculuğu prosesini bir sutkadan da az müddətdə tamamlaya bildilər. Hazırda erməni terrorçularının vaxtilə yuvası olmuş Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənd və Ağdərə ərazilərində həyat axarına qayıdır. Artıq saxta erməni toponimləri – “Stepanakert”, “Mardakert”, “Martuni”, “İvanyan” yoxdur. Hər bir şəhər əsl adına qayıdıb. Eləcə də məktəblərdə dərslər başlanıb, 1500 şagird Qarabağda təhsil alır, həmçinin eyniadlı universitetin tələbələri Xankəndidə oxuyurlar, bütün güc strukturları, humanitar sektora aid qurumlar fəaliyyətdədir, separatizmə aid hər hansı qanunsuzluq qalmayıb. Bununla hüquqi dövlətçilik Qarabağın ermənilər yaşamış hissəsində təmin olunub. Əgər dinc erməni sakinlər qalsaydılar, onlar da normal bir həyat yaşaya bilərdilər. Çünki terrorçu rejim 30 ildən çox əhalini əsarətdə saxlayıb, sərvətləri talan edib, erməni sakinlər isə ac-yalavac ömür sürüblər. Bunu münaqişədən sonra həmin əraziləri görəndə anlamaq mümkün idi. O cümlədən erməni sakinlərin güzəranına da nəzər yetirəndə məlum olurdu ki, heç də işğal dövründə xoş gün görməyiblər. Sadəcə, antiterrordan sonra fürsəti qaçırdılar və əraziləri tərk etdilər. Azərbaycan isə onları saxlamaq üçün yalvarmaq niyyətində deyildi. Kəsəsi, hüquqi dövlət quruculuğu prosesi Qarabağda tam təmin olunub.
Aqşin Kərimov
Siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, antiterror əməliyyatları keçirilərkən düzgün zamanlama olub: “Bu, qlobal və geostrateji rəqabətləri nəzərə alaraq əməliyyatların uyğun geosiyasi şərtlərini və nəticələrini əvvəlcədən hesablama idi. Əməliyyatlardan təxminən 20 gün sonra HƏMAS-İsrail görünməmiş genişmiqyaslı müharibəsinin başlamasının Qafqaza da mənfi təsirləri qaçılmaz idi. Deməli, Azərbaycan İranın Cənubi Qafqazda aktiv fazalı hərəkətinə səbəb olacaq Yaxın Şərq regionundakı hadisələr barədə əvvəlcədən kəşfiyyat məlumatlarına sahib idi. Buna görə də Azərbaycan-İran təmasları Tehranı regional nəticələrə hazırlamaq baxımından önəm daşıyırdı. Ən vacib nöqtə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqaza təsirlərini ölçmək idi. Əslində proses 2022-ci ilin dekabrında Laçın yolunda ekoaktivistlərin aksiyası ilə bu mərhələdə ilkin praktiki addımlar idi. Avropa İttifaqı formatında isə Bərdə-Xankəndi yolu ilə daşımalar barədə razılıq əldə edildi, ancaq Ermənistan bunu sabotaj etməyə qərar verdi”.
Ekspertə görə, Rusiya-Azərbaycan gərginlikləri də başlamışdı, buna görə də Bakı düzgün informasiya əməliyyatları apardı, bu, həm Moskva ilə əlaqələrin xatırladılması, həm də gərginliklərin Kreml üçün mənfi nəticələrini yada salmaq üçün aparılan informasiya əməliyyatlarını özündə ehtiva edirdi”.
Onun fikrincə, Qərbdən Azərbaycana qarşı başlanan təzyiqlər (humanitar karvan şousu) Bakını antiterror əməliyyatlarının geosiyasi vektorlarını tənzimləməyə imkan yaratdı. Yəni Bakı provakasiyaları fürsətə çevirdi və nəticədə Qərb özü də bilmədən Azərbaycanın əlinə oynadı: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Azərbaycan dövlətinin qərarları ilə belə demək mümkünsə, separatizmin məhvi üçün mühasirə tuneli yaradılırdı. Bu, Azərbaycanın elit qüvvələrinin bilinən və bilinməyən əməliyyatları, yeni hərbi hissələrin yaradılması ilə müşayiət olunurdu. Bura hələ əvvəldən aparılmış bir neçə silahlı tədbir də daxil idi. Təbii ki, bütün bunlar döyüş meydanı üçün koridor açırdı və qəhrəman hərbçilərimiz öz sözlərini hərb meydanında dedilər”.
Yazını hazırladı: Emil SALAMOĞLU
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta