AZ

Sülh sazişində yeni bənd: İrəvan təzminatı torpaqla verə bilər

Ötən gün Prezident İlham Əliyevin 7-ci çağırış Milli Məclisin ilk iclasında çıxışı əslində ölkənin qarşısında duran çağırışlar, milli strategiya və millət vəkillərinin fəaliyyət istiqamətlərini qurması üçün proqram idi.
Prezident xüsusilə Ermənistan-Azərbaycan sülh danışıqlarının gedişi, rəsmi İrəvanın prosesi mümkün qədər ləngitməsi və sülh sazişindən yayınması, əvəzində silahlanması istiqamətində apardığı siyasətə yönəltdi. Ən ciddi nüanslardan biri isə Ermənistanın 30 il müddətində apardığı işğal siyasətinə görə cəzalandırılmaması, kapitulyasiya imzalamasına baxmayaraq, danışıqlar masasında bərabərhüquqlu çıxış etməsi, tələblər irəli sürməsi və əhəmiyyətli bəndləri sülh sazişindən çıxarmağa cəhd edərək, faktiki olaraq sülhü əngəlləməsidir. Prezident haqlı olaraq faşist Almaniyası ilə faşist Ermənistan arasında paralellər apararaq, müharibəyə, işğala görə birincinin cəzalandığı halda Ermənistanın işğal və yüzlərlə yaşayış məskənini dağıdıb, səhralığa çevirməsi qarşılığında heç bir məsuliyyət daşımaması üçün bəzi güclərin “fəallığına” diqqət çəkdi. Almaniya kapitulyasiyaya imza atdıqdan sonra ona hərbi qadağalar tətbiq edilmişdi, Ermənistana isə vaxtilə Almaniyanın silahlanması və ordusuna məhdudiyyət tətbiq edən ölkələr – başda Fransa olmaqla – ağır silahlar verir, o cümlədən Avropa Sülh Fondu İrəvanın silah alması üçün vəsait ayırır. Azərbaycan 30 illik işğala yalnız öz gücü, ordusu, qüdrəti və əsgərinin canı-qanı hesabına son qoyub, beynəlxalq miqyasda tanınan ərazilərində suverenliyini bərpa edib. Bəzi ölkələr isə Azərbaycanın suverenliyini təmin etməsinə birmənalı yanaşmır: Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Kiyevə sonsuz hərbi-iqtisadi, hətta muzdlu dəstək verib, bu ölkəyə onminlərlə sanksiya tətbiq edən ölkələr Ermənistanın işğalı zamanı nəinki susqun dayanıblar, əksinə, Ermənistanın işğalını davam etdirməsi üçün çalışıblar, danışıqlar imitasiyası yaradıblar, Azərbaycan öz ərazilərini azad etdikdən sonra isə “Qarabağ ermənilərinin hüquqları” kimi qondarma bəhanədən istifadə etməyə girişiblər. Halbuki Rusiya da ilk vaxtlar Donbasda yaşayan 4 milyondan çox rusun “hüquqlarını” müdafiə etmək istəyini ifadə edirdi, həmin vaxt Kremlin bu tələbləri ümumiyyətlə yaxına buraxılmamışdı. Ermənistan kapitulyasiyaya imza atıb və kapitulyantın öz öhdəlikləri var. 44 günlük müharibədən dərhal sonra Azərbaycana dəyən ziyanın hesablanması ilə bağlı araşdırmalar başladı və bu məqsədlə beynəlxalq ekspertlər də cəlb edildi. İlkin qiymətləndirmələrdə Azərbaycana Ermənistanın işğalı nəticəsində 800 milyard ziyan dəydiyi ehtimal edilirdi. Əlbəttə, dəqiq rəqəm qiymətləndirmə tam başa çatandan və beynəlxalq miqyasda təsdiqlənəndən sonra üzə çıxacaq. Hazırda Ermənistanın 30 illik işğal zamanı Azərbaycana hansı dəhşətli zərərlər vurduğunu isə beynəlxalq qurumların, böyük dövlətlərin rəsmiləri Qarabağ və Şərqi Zəngəzura səfər edərkən öz gözləri ilə görürlər: rayon mərkəzləri, böyük şəhərlər, yüzlərlə kənd yer üzündən silinib, təbiətə dəhşətli ziyan vurulub, min kv.km-lərlə ərazi səhralığa çevrilib, yeraltı yeraltı-yerüstü sərvətlər talanıb, üstəlik, Azərbaycan ərazilərinə 1 milyona yaxın mina döşənib ki, müharibədən sonrakı 4 il ərzində bunun hansı faciələrə səbəb olduğunu hər kəs bilir. Ermənistan bütün bunların məsuliyyətini daşıyır və maddi-təzminat ödəməyə məhkumdur. Böyük müharibələr başa çatdıqdan sonra məğlub və işğalçı ölkənin maddi təzminat və kompensasiyası hər zaman sülh razılaşmasında əksini tapır. Ona görə də: 1. Ermənistanla imzalanan sülh sazişində rəsmi İrəvanın maddi təzminat ödəməsi məsələsi əks olunmalıdır; 2. Ermənistanın üzərinə götürdüyü maddi ziyana görə təzminatın ödənilməsi forması müəyyənləşməlidir. Əlbəttə, Ermənistanın hazırkı iqtisadi durumu bu təzminatı birdəfəlik ödəməyə imkan vermir. Belədə: a) Ermənistana pulsuz külli miqdarda silah verən Fransa və yaxud Avropa Sülh Fondu Ermənistanın təzminat ödəməsinə dəstək verə bilərlər; b) Ermənistan maddi təzminatı qarşılaya bilmirsə, Azərbaycana müəyyən ərazi güzəştinə gedə bilər – 800 milyard dollarlıq təzminatı ödəmək çətindirsə, Ermənistan müəyyən əraziləri üzərində suveren hüquqlarından Azərbaycanın xeyrinə imtina etməli və ya suveren ərazilərində müəyyən funksional suveren hüquqları Azərbaycana verməlidir. Ermənistanın cəzalandırılması dünyada işğalçı dövlətin aqibəti baxımından görk olmalıdır və hər kəs bilməlidir ki, işğala cəhd işğalçı ölkənin suverenliyinin itirilməsinə qədər ağır cəzaya səbəb olur. Əks halda dünya gücləri heç bir işğalın qarşısına ədalətli modellə çıxa bilməzlər.

Bu, eyni zamanda, bölgədə uzunmüddətli sülhün bərpasına yol aça, Ermənistanda region yenidən qarışdıracaq revanşist istəklərin tarixə gömülməsini təmin edə bilər.

Seçilən
53
15
buta.tv

10Mənbələr