"Hazırkı məqamda Rusiyanın ABŞ-dakı seçki prosesinə hər hansı bir səviyyədə təsir mexanizmləri və enerjisi aşağı səviyyədədir”.
Qaynarinfo-ya açıqlamasında bunu Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Rusiyanın noyabrda ABŞ-da keçiriləcək seçkilərə necə təsir edə biləcəyindən danışarkən deyib:
"ABŞ-da olacaq Prezident seçkilərinə Rusiyanın siyasi təsir göstərəməyə qadir olduğunu düşünmürəm. Rusiyaya sərf edən namizəd Respublikaçılar Partiyasının namizədi Donald Trampdır. Ancaq ABŞ dövləti o qədər zəif və məzlum dövlət deyil ki, seçkilərdə Rusiya tərəfindən hər hansı bir siyasi prosesə məruz qalsın. Düzdür, ABŞ-da gözlənilən Prezident seçkiləri mərhələsi olduqca dramatik şəkildə keçir. Seçicilər uğrunda ciddi mübarizə gedir. 2016-cı il Trampın qalib gəldiyi seçkilərdə Rusiya hakimiyyəti onun qələbə çalmasına kömək etdiyinə dair mediada müəyyən informasiyalar yayılmışdı. O zaman, Rusiya Federal Təhlükəsizlik Xidməti seçkilərə müəyyən müdaxilə cəhdlərində bulundu”.
Ancaq ekspert düşünmür ki, bu dəfə də anoloji hal baş versin:
"Çünki ABŞ hər hansı bir təsirə qarşı özünün müdafiə sistemini formalaşdıra bilib. Məsələ ondadır ki, hazırkı məqamda Rusiyanın ABŞ-dakı seçki prosesinə hər hansı bir təsir etmək mexanizmləri və enerjisi olduqca zəifdir. Çünki başı Ukraynadakı müharibəyə qarışdığından Moskvanın ABŞ-dakı seçkilərə təsir etmək mexanizmləri zəifləyəcək”.
Qeyd edək ki, Rusiya ABŞ-dakı prezident seçkilərinə təsir etmək üçün digər ölkələrlə müqayisədə daha çox süni intellektlə işləyən məzmun yaradır.
Reuters-in xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Milli Kəşfiyyat Direktorunun (ODNI) nümayəndəsi bildirib. Kəşfiyyat rəsmisinin sözlərinə görə, bu, respublikaçı namizəd Donald Trampı dəstəkləmək və vitse-prezident Kamala Harrisi nüfuzdan salmaq üçün daha geniş strategiyanın bir hissəsidir.
Jurnalistlərin həmsöhbəti qeyd edib ki, Rusiya süni intellektdən Trampın şanslarını artırmağa, Harris və Demokratlar Partiyasının populyarlığını azaltmağa yönəlmiş məzmun yaratmaq üçün istifadə edir. Bura sui-qəsd hekayələrinin yayılması da daxildir.
Rüfət Sultan