Xəbər verdiyimiz kimi, Rusiyanın “Rosatom” şirkəti Özbəkistanla imzaladığı müqavilə əsasında bu ölkədə aşağı güclü atom elektrik stansiyası (AES) inşa edəcək. Sözügedən müqavilə bənzər addımın Azərbaycanda da atılmasını gündəmə gətirib.
Hələ SSRİ dövründə Azərbaycanda AES-in tikilməsi planlaşdırılıb.
Belə ki, 1980-ci illərin əvvəllərində SSRİ Nazirlər Kabineti Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikilməsi ilə bağlı qərar verir. Geniştərkibli müzakirələr zamanı AES-in tikilməsi üçün bir neçə rayon nəzərdən keçirilir, analiz edilir, yekunda isə Hacıqabulun Navahi qəsəbəsi seçilir. Bundan sonra Navahidə tikiləcək AES-in layihəsi hazırlanır. Hətta reaktor blokunun təməli də qoyulur, işlərə start verilir.
Lakin sonradan vəziyyət dəyişir…
26 aprel 1986-cı ildə Çernobıl AES-də baş verən güclü nüvə partlayışının bir dilim “alovu” Hacıqabul AES layihəsini “kül edir”. Çernobıl fəlakəti zamanı azı 4000-ə yaxın insanın həlak olması SSRİ-də şok effekti yaradır. Sözügedən fəlakətdən sonra sovet rəhbərliyində qorxu yaranır və Azərbaycanda AES-in inşası dayandırılır.
Növbəti illərdə isə SSRİ “Yenidənqurma” dövrünü yaşayır. Maddi çətinliklər İttifaq daxilində özünü açıq şəkildə büruzə verir. 1991-ci ildə SSRİ-nin dağılması ilə Navahi AES-in tikilməsi məsələsi sona çatır./ Globalinfo.az