AZ

BİZİM TƏQVİM: 26 sentyabrda baş vermiş tarixi hadisələr

26 sentyabr 1918-ci ildə Azərbaycanın bütün ərazisində Cümhuriyyət hakimiyyətini bərqərar etmək üçün hərbi əməliyyatları davam etdirən Nura paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Qarabağda erməni-daşnak qüvvələrinə güclü zərbə vuraraq Şuşa şəhərinə daxil olub. Əhali xilaskar ordunu təntənə ilə qarşılayıb. 

Bəs, sentyabrın 26-da dünyada daha hansı hadisələr baş verib? 

1. 26 sentyabr 1371-ci ildə Serbiya ərazisindəki Maritsa çayı sahilində serb, xorvat, bolqar və macarların müttəfiq ordusu ilə Osmanlı qoşunları arasında döyüş olub. Sultan İldırım Bəyazidin qoşunları müttəfiqlərin ordusunu darmadağın edib. Bu qələbədən sonra Serbiya və indiki Bolqarıstanın əsas hissəsi, habelə Makedoniya və Qərbi Frakiya Osmanlının nəzarətinə keçib. Osmanlının Balkan yarımadasında hökmranlığı təxminən 5 əsr sürdü. 

2. Osmanlı imperiyası 24 il davam edən müharibə nəticəsində 1669-cu ilin 26 sentyabrında Krit adasını aldı. 

3. 1815-ci il sentyabrın 26-da Fransa imperatoru Napoleonun qəti məğlubiyyətindən sonra Rusiya, Avstriya imperatorları və Prussiya kralı Parisdə “Müqəddəs ittifaq haqqında” akt imzaladılar. 

4. 26 sentyabr 1887-ci ildə Tomas Edison ilk fonoqrafı patentləşdirib.  

5. 1932-ci ilin 26 sentyabrında Türkiyənin İstanbul şəhərinin Dolmabahçe sarayında İlk Türk Dili Qurultayı keçirildi. 

6. 1947-ci ilin 26 sentyabrından İngiltərə Fələstin torpaqlarını boşaltmağa başladı. 

7. 26 sentyabr 1960-cı ildə Kubanın dövlət başçısı Fidel Kastronun 4 saat 29 dəqiqə sürən danışığı BMT tarixinə “Ən uzun çıxış” olaraq düşüb. 

8. ABŞ prezidenti Cimmi Karter Qıbrız (Kipr) Barış Hərəkatı zamanı Türkiyəyə tətbiq edilən sanksiyaları 1978-ci ilin 26 sentyabrından aradan qaldırdı. 

9. 26 sentyabr 1984-cü ildə - yəni 15 ildən sonra Çin və İngiltərə Honq Konqun Çinin nəzarətinə keçməsilə bağlı razılığa gəldilər. 

10.  26 sentyabr 1992-ci ildə Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirləri Soçidə “Silahlı qüvvələri geri çəkmək haqqında” protokol imzalayıblar. 

11. 26 sentyabr 2008-ci ildə Azərbaycan qadınlarının III qurultayı keçirilib. 

12. Sentyabrın 26-sı Avropa dillər günü kimi qeyd olunur. Avropa Şurasının təşəbbüsü ilə 2001-ci ildən qeyd edilən bu günün əsas məqsədi Avropa dillərinin tədrisinə maraq oyatmaq və xalqlar arasında mövcud əlaqələri daha da genişləndirməkdir. 

26 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır: 

1. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 1141-ci ilin bu günü dünyaya gəlib. Nizami ədəbiyyat tarixində məsnəvi formasında yazdığı 5 poemadan ibarət ilk “Xəmsə”nin müəllifidir. Ərəb və fars dillərini mükəmməl bilən şairin qədim yunan tarixi və fəlsəfəsini, astronomiya, fizika, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın olur. (1141-1209) 

2. Məşhur rus fizioloqu İvan Pavlov 1849-cu il sentyabrın 26-da dünyaya gəlib. Mərkəzi sinir fəaliyyəti haqqında materialist təlim və həzm prosesinə dair müasir təsəvvürlərin banisi olan İ.Pavlov həm də cərrahi fizilogiya metodlarını işləyib-hazırlayıb. (1849-1936) 

3. Amerikalı bəstəkar, simfonik cazın görkəmli nümayəndəsi Corc Gerşvin 1899-cu ilin bu günü anadan olub. O, “Porgi və Bess” ilk Amerika milli operasının müəllifidir. (1899-1937) 

4. 26 sentyabr Azərbaycanın dünyaşöhrətli müğənnisi, lirik-dramatik tenor Bülbülün xatirə günüdür. Əsl adı Murtuza, soyadı Məmmədov olan müğənni 1897-ci ildə Qarabağın mərkəzi Şuşa şəhərində anadan olub. Bülbül Bakı (Azərbaycan) konservatoriyasını bitirib İtaliyada vokal təhsili alan ilk azərbaycanlıdır. Geniş diapazonlu, gözəl axıcı səsi olan müğənni həm də böyük aktyorluq istedadına malik idi. Bülbül xalq mahnıları, təsnif və romansları da böyük sənətkarlıqla ifa edib. Bakıda konservatoriya nəzdindəki orta ixtisas musiqi məktəbi Bülbülün adını daşıyır. (1897-1961) 

5. 26 sentyabr 1967-ci ildə Əməkdar artist Nağəddin Məmmədov (1967 – 22.5.2019)  doğulub. Gəncə Dövlət Kukla Teatrının aktyoru olub. 

Surxay Atakişiyev, Bizim.Media
 

Seçilən
91
24
bizim.media

10Mənbələr