AZ

Stolüstü tennis: meydan kiçik, hədəf isə böyükdür

Stolüstü tennis dünyada ən populyar idman növlərindən biri hesab olunur. Beynəlxalq Stolüstü Tennis Federasiyasının tərkibində 200-dən çox ölkə var və bu göstərici özü çox şey deyir.

Azərbaycanda bu idman növü üzrə böyük nailiyyətlər əldə olunmasa da, son illər kütləviliyin artırılması baxımından xeyli iş görülüb. Parklarda, həyətlərdə, məktəblərdə, universitetlər və digər obyektlərdə tennis stolları quraşdırılıb. İstənilən şəxs yaşı, sağlamlığı və fiziki hazırlığı ilə bağlı heç bir məhdudiyyət olmadan stolüstü tennis oynaya bilər. Ölkəmizdə uşaqlar arasında bu idman növünə marağın xeyli artdığını xüsusi qeyd etmək olar. Təsadüfi deyil ki, aşağı yaş qruplarında artıq istedadlı idmançılarımız da yetişir.

Stolüstü tennis üzrə qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılovla görüşüb, onunla bu idman növünün inkişafı ilə bağlı görülən işlərdən danışdıq. Həmsöhbətimiz son illər məhz kütləviliyin artmasının bu idman növünün inkişafına öz töhfəsini verəcəyini bildirdi. Qeyd etdi ki, uşaqlar arasında bu idman növünə axının çox olması təqdirəlayiq haldır:

– Stolüstü tennis Bakı ilə yanaşı, bölgələrdə də inkişaf etdirilir. Sumqayıtda və digər regionlarda məşqçi-müəllimlərimiz federasiya ilə bağladıqları müqavilə əsasında çalışırlar. 7–9 yaşlarında uşaqlar arasında kütləvilik çoxalıb. Şəki, Şabran, Salyan, Şirvan, Gədəbəy, Qaxdan olan idmançılar, demək olar ki, bütün mühüm yarışlarda iştirak edirlər. Stolüstü Tennis Federasiyası Masallıda ayrıca zal açıb. İndi məşqlər gedir. Hazırda 5–6 yaşdan uşaqları qəbul edirik və hazırlayırıq. Kiçik yaşlılar arasında yarışların təşkili rəqabəti daha da artırır. Çalışırıq ki, aşağı yaş qruplarında daha perspektivli və potensiallı uşaqları seçib, hazırlayaq.

Belə davam edərsə, gələcəkdə Avropa, Dünya, hətta Olimpiya çempionlarımız yetişəcək.

Fərhad İsmayılov komandamızın bu il bir çox nüfuzlu beynəlxalq turnirlərdə, qitə birinciliklərində iştirak etdiyini də dedi:

– İdmançıların hazırlığı üçün bütün tədbirlər görülür. Qazaxıstan, Türkiyə, Çində yeniyetmələr, gənclər və böyüklər arasında təlim-məşqlər keçirilib. Təmsilçilərimiz bu il Əlcəzairdə dünya seriyalı WTT yarışlarında 1 qızıl, Türkiyədə Avropa seriyalı turnirdə 1 qızıl, 2 gümüş, 7 bürünc, Lüksemburqda və Belçikada dünya seriyalı WTT yarışlarının hər birində 1 bürünc mükafat qazanıblar. Bundan başqa, Fransada dünya seriyalı WTT-də qızıl, digər turnirdə – “Euro Mini Champs”da bürünc medal qazanmışıq. Digər beynəlxalq turnirlərdə də idmançılarımız mükafata layiq yerlər tutublar. Təmsilçilərimizdən Onur Quluzadə, Yağmur Məmmədli, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova və başqalarının adlarını çəkə bilərəm.

Məşqçi onu da qeyd etdi ki, komandamız bu il ilk dəfə 21 yaşlı idmançıların Avropa birinciliyində iştirak edərək, yaxşı reytinq xalları qazanıb. Mütəxəssisin sözlərinə görə, bu yarış 19 yaşlı idmançılar Zemfira Mikayılova və Ləman Abdulhəmidova üçün yaxşı təcrübə olub.

Yığmanın əsas bazası “Şüa” Sağlamlıq İdman Kompleksində və Sumqayıt bulvarında yerləşir. F.İsmayılovun sözlərinə görə, hazırda Bakıda uşaq gənclər idman məktəblərindən (UGİM) 3-də stolüstü tennis zalları var ki, onlardan da səmərəli istifadə edilir. Bundan başqa, mütəxəssis hazırlığına xüsusi diqqət yetirilir:

Federasiya mütəxəssis çatışmazlığını aradan qaldırmaq üçün görülən tədbirləri davam etdirir. Avropadan mütəxəssislər dəvət etmək istəyirik ki, seminarlar təşkil edilsin. Həm hakimlik, həm də məşqçilik seminarlarının keçirilməsi mütəxəssislərin öz bilik və bacarıqlarını artırması üçün də faydalı olar. Orta məktəblərdən də müəllimləri bu seminarlara cəlb etmək istəyirik ki, bilik və təcrübələrini zənginləşdirsinlər. Bir neçə ildir ki, Azərbaycan Dövlət İdman Akademiyasında stolüstü tennisdən ixtisas dərsi keçirilir. Bu da idmançılarımızın akademiyaya daxil olub, mütəxəssis kimi yetişməsi üçün geniş imkanlar yaradır.

Məşqçi stolüstü tennisçilərimizin daha bir beynəlxalq yarışda iştirak etmək üçün 2 gün əvvəl Gürcüstana yola düşdüklərini dedi:

– Batumidə təşkil olunan “WTT Youth Contender” turnirində 10 idmançımız bacarığını göstərəcək. Oktyabrda isə bizi böyüklər arasında Avropa çempionatının fərdi yarışları gözləyir. Onu da deyim ki, komandamız, təxminən, 5–6 il idi ki, Avropa çempionatında iştirak etmirdi.

Stolüstü tennis sağlamlıq üçün ən yaxşı idman növlərindən biridir. Onun ən böyük üstünlüklərindən biri isə yaş həddinin olmamasıdır. Bu idman növü onunla məşğul olan 5–6 yaşlı uşaqlar üçün nə qədər faydalıdırsa, yeniyetmələr, gənclər, böyüklər və eləcə də, 80–90 yaşlı insanlar üçün də bir qədər faydalı və əlçatandır. Fərhad İsmayılovun təbirincə desək, oyun zamanı göz, beyin, ayaqlar və qolların eyni zamanda və fəal şəkildə işləməsi sağlamlıq üçün çox yaxşıdır. Təbii ki, stolüstü tennisin, bizim üçün ənənəvi olmayan digər idman növlərinin inkişafı kimi, atletlərimizin əldə etdikləri uğurlu nəticələrdən də çox asılıdır. Ümid edirik ki, idmançılarımız böyük qələbələri ilə stolüstü tennisi ölkəmizdə daha da populyarlaşdıracaqlar.

Leyla QURBANOVA
XQ

Seçilən
24
7
xalqqazeti.az

10Mənbələr