AZ

Gənc aparıcı və aktrisadan olay sözlər: Yaxşı qonorar təklif edirlər ki…

Aparıcı və aktrisa Kəmalə Piriyeva 7 il fasilədən sonra ilk dəfə müsahibə verib.

Sənətçinin OLAY-la söhbətini təqdim edirik:

– Həm şou-biznesin içindəsiz, həm də bir qədər deyilsiz. Sanki sərhəd saxlayırsınız…

– Yəqin ki, bu sferada olan insanlarla yaxın dostluq etmirəm. Hər halda onu nəzərdə tutursuz ki, məclislərdə və sairə yerlərdə az-az görürsüz. Bu cəmiyyətdə dostlarım yoxdur, çox azdır. İş yoldaşlarım, yol yoldaşlarım var, amma sirdaşım yoxdur.

– Səbəbi nədir? Güvənsizlik?

– Seçirsən, ələkdən keçirirsən ki, kimə sirr vermək olar, kimə yox. Hələ ki tutub saxladığım yoxdur.

– Tez-tez İstanbula gedib-gəlirsiniz. Bu İstanbul sevdasının səbəbi var?

– Bunun səbəbini bilənlər bilir. Çünki kifayət qədər paylaşıram. Orada bacım yaşayır, ailə həyatı qurub. Əsas getmək səbəbim odur. Ona görə gedirəm və hər zaman da paylaşım edirəm. Nə yaşayıramsa, instaqramda paylaşıram, xəbərdar olmaq istəyənlər görürlər.

1671173885

– Müsahibələrinizə nəzər salanda 2013-dəki açıqlamanızı gördüm. Orada bir hissə var ki, deyirsiz ki, heç vaxt ailə qurmayacaqsız. Hələ də bu fikirdəsiz?

– Görürsüz, hələ də sözümə sadiqəm.

– Siz nə qədər yox desəniz də, gözəl xanımsız, sevgi etirafları, evlilik təklifləri ola bilər də…

– Ola bilər də (gülür).

– Çox ətraflı cavablar verirsiniz, maşallah. Yaxşı, bəs sizi evlilikdən qorxudan səbəb nədir? Azadlığınızın sərhədlənməsini istəmirsiz?

– Məhz bu barədə danışmağı sevmirəm. Bu haqda başlıqların yazılmasını, kiminsə bu mövzuda danışdıqlarıma şərh bildirməsini sevmirəm. Bu mənim fikrimdir, şəxsi qərarımdır. Nəyə görə bu seçimi etmişəm, açıqlama da vermək istəmirəm. Fikirlərimi sirdaşım dediyim insanlarla paylaşıram və onların rəyləri mənə maraqlıdır. Bu haqda geniş açıqlama vermək istəmirəm.

1671173916

– Evlənmək, toy demişkən… Nə qədər qonorar verilsə, toy aparıcılığı edərsiniz?

– Toylarda aparıcı kimi iştirak etmişəm. Amma hazırda istəmirəm. Yaxşı qonorar təklif edirlər, toylarında, xınalarda, doğum günlərində görmək istəyirlər. Təşəkkür edirəm, amma mənim üçün çətindir. Ona görə də getmirəm. Lakin rəsmi tədbirlər olanda iştirak edirəm. Onları aparmaq mənə daha asandır. Nə qədər desələr ki, şən insandır, onda yaxşı alınar, lakin bacarmıram. Bəlkə bir müddət sonra alınar, indi özümü orada görmürəm. Toy aparmışam, görmüşəm alınmır. Evə gəlirsən oradan, qulağında hələ də musiqi səsi gəlir.

– Sizcə, niyə son illərki aparıcılardan kütləvi şəkildə sevilən yoxdur?

– Mən televiziyaya gəldiyim zamanlarda müsabiqələr çox olurdu. Dalbadal müsabiqə təşkil olunurdu ki, aparıcı kimi çalışmaq istəyənlər özlərini sınasınlar, xarici görünüşü və qabiliyyəti olan insanları dəvət edirdilər. Hazırda isə o elanları görmürəm. İstəyərəm ki, yeni simalar gəlsin. İki il əvvəl Samir Bayramlının MTV-dəki verilişi yeni açılanda onun yanında bir qız görmüşdüm. Sevinmişdim ki, yeni simalar gəlir. Amma bunun ardı gəlmədi. Elə bildim ki, bu ənənə davam edəcək. Televiziyalar əvvəl təcrübə üçün çağırırdılar, 100 nəfər gəlirdi, bir il qonorarsız işləyirdi. Sonra ələnirdilər. Kim həqiqətən bu sahədə qalmaq istəyirdisə, qalırdı, kimisi müxbir, kimisi redaktor, kimisi də aparıcı kimi. Mənimlə həmin ildə başlayan nə qədər adam var, hamısı televiziyalarda qalıb. Məsələn, Nərgiz Məmmədova, Günay Baxşəliyeva, Fərid Rəsul… Çox adam var. Bu müsabiqələr olmalıdır, universitetlərdə tələbələrə təcrübə keçilməlidir. Ancaq oxuyub, sonra işləyə bilməzsən. Ona görə də uşaqları cəlb etməlisən. Bizim dövrümüzdə bir-iki il qonorar almadan çalışan uşaqlar var idi ki, bu işi sevirdilər. Ancaq çalışa-çalışa öyrənə bilərsən, belə yox.

1671173886

– Kamilə Babayeva keçən dəfə köhnə aparıcıları yeni həmkarlarını tənqid etdiyinə görə qınadı. Söylədi ki, yeni aparıcıya nəsə öyrətməmişəmsə, ona irad bildirməyim düzgün deyil.

– Ümumiyyətlə, kimisə tənqid etmək, irad bildirmək xüsusiyyətim yoxdur. İctimaiyyət qarşısında da demərəm. İradım varsa, yaxınlaşıb özünə deyərəm ki, səndə filan problem var. Heç dostun səndən bəzən iradlarını qəbul etmir, qaldı ki, efirə çıxan insanlar. Bilirik ki, bu sahədə televiziyaya çıxan şəxslər özlərindən necə razıdır ki, kamera qarşısında danışır. Bu məqamlar bir az təhlükəlidir. Sözünü qəbul edəcəksə, münasibətin varsa, özünə deməlisən. Ya da cəmiyyət qarşısında tənqid edəndə təhqir kimi qəbul olunur.

– “Mən 30 yaşımdan sonrasını təsəvvür edə bilmirəm. Elə bilirəm ki, o yaşımda öləcəm” demisiniz.

– İndi 32 yaşım var, bəlkə də ölmüşəm xəbərim yoxdur. Amma bunu sən başlıq eləsən, mənim gözümə görünmə (gülür). Doğrudan da, elə fikirləşirdim ki, 30 yaş böyük yaşdır, yəqin adam ölər yaşamaz. Əvvəl mənə elə gəlirdi, amma görürəm ki, hələ də yaşayıram.

– Niyə tez-tez ölüm mövzusuna niyə müraciət edirsiz? Ötən dəfə də izləyicilərinizdən soruşmuşduz ki, necə öləcəksiz?

– Bilmirəm. Əslində, çox pessimist mövzudur. Bəlkə də 30 yaşı keçəndən sonra düşünürsən ki, axırı necə olacaq? Nəysə bu mövzudan çıxaq, mənə yaxın məsələdir, ona görə dərinə getməyək.

1671173920

– Ötən günlərdə “Altın kelebek” mükafatı verildi, ölkəmizdən 3 nəfər “Parıldayan ulduz” ödülünü aldı. Bir vaxt siz də namizəd idiz. Fikirləriniz nədir?

– Çox məlumatım olmadığına görə danışa bilmirəm bu mövzuda. Bəli, namizədliyim olmuşdu, müəyyən səbəblərə görə iştirak edə bilməmişdim.  Burada nəyə görədir, reklama, ya maliyyəyə bilmirəm. Amma Azərbaycandan hansısa namizədin mükafat almağı yaxşıdır. Bu haqda çox danışa bilməyəcəm, məlumatsızam. Biz də sözün əsl mənasında parıldayan ulduzlara verildi. Ayaz Babayev də mahnıları ilə, Turanə Hüseynli aktrisalıq fəaliyyəti ilə, Nəzrin məşhur mahnısı ilə parıldadı. Məncə, doğru ünvanlara getdi.

– Demişdiz ki, təhqir yazan insan sizi izləyə bilməz, kənardan profilinizə baxan insanlar bir də qayıda bilmirlər.

– İnsanın düşüncəsi dəyişir. Bəzi şeylər isə yox. Bir adama təhqiri niyə yazasan ki?  Sevmirsənsə səhifəsindən çıx, bunu bacarmırsansa, kömək edərik ki, çıxasan.

– Bəs, feyk səhifəniz var?

– Feyk yox, başqa səhifələrim var.

1671173978

– Bəs, sizin niyə instaqramda təsdiqlənmə butonunuz yoxdur?

– O mənim yaralı yerimdir, yoxumdur. Bir neçə dəfə müraciət etdik, alınmadı. Dedilər ki, nəsə başqa bir şey yazmalısan. Üstünə tam düşməmişəm. Bilirəm ki, pul vermək lazımdır. Hərdən çox yüksək məbləğlər deyirlər, razılaşmıram. Amma prosedurlar var ki, etmək lazımdır.

– Yeri gəlmişkən, bir ara blogerlər haqda demisiz ki, davaya həvəslidirlər, sanki köhnə şou-biznesi xatırladırlar.

– Samir Bayramlı soruşmuşdu ki, jurnalistlər deyirlər ki, blogerlərin xəbərləri, qalmaqalları daha maraqlıdır. Mən də söylədim ki, onlar hazırda izləyicilərinin sayını artırmaq, aktivliyi artırmaq üçün keçmiş şou nümayəndələrinin gündəmə gəlmək məqsədilə etdiyi qalmaqallara əl atırlar. Ona görə də onların qalmaqalları maraqlıdır. Həmişə tamaşaçıya qalmaqallı xəbərlər maraqlı olur.

1671173980

– Beren Saatı çox bəyəndiyinizi demisiz. Söyləmisiz ki, “Atiye”də də oynamaq istərdiz. Bəs “Aşkı-Memmnu”da Bihteri oynaya bilərdiz?

– Bir az cəsarətli obrazdır. Amma canlandırmaq istəyərdim. Həm yaradıcılığına münasibəti, həm mediadakı rolu, məsafəni qoruyub, sevilməsini çox bəyənirəm.

– Bu günlərdə ən çox müzakirə yaradan serial “Yalı çapkını”dır.

– Mənim xoşuma gəlir. Hər iki obraz da çox şirindir. Ailə faciəsi var, aktyorların zarafatları, atışmaları isə şirindir. Ailədə nə olar, nə olmaz məsələləri şişirdilir. Lakin belə mövzular izlənilir.

1671173980

– Orada hansı obrazı canlandırmaq istəyərdiniz?

– Baş roldakı qızın xarakterini və mimikalarını sevirəm. Seyranı oynayardım.

– İnsan çata bildiklərinin dəlisi, əldə etdiklərinin nankorudur fikri ilə razısınız?

– Elə olur da. İnsan xislətidir, istəyirik, arzulayırıq. Amma çətinliklə əldə etdiyin şeylərin də bəzən qiymətini bilmirsən. Nəinki bəzilərinin cırmaqla çətinliklə çatdığı şeylərə sənə hazır təqdim ediləndə ümumiyyətlə nankor oluruq. İnsan xislətiyik. Belədir.

– Özünüzdə hiss etmisiz ki, nə vaxtsa kiməsə nankorluq etmisiz?

– Həmişə demişəm ki, bu sahədə olmaq üçün çox əziyyət çəkməmişəm. Bəxtim gətirib, şanslı olmuşam. Bəzi insanlar efirdə veriliş aparmaq üçün bir çox şeyi fəda edirlər. Məndə belə olmayıb. Nankorluq deyil də, qiymətini bilməmək kimi məqamlar olub. Bəzən çətinliklə çatdığı şeyin daha çox qiymətini bilirsən. Mən isə sonradan əziyyət çəkməsəm də, hazırda olduğum yeri istədiyimi bildirərək qiymətini bilmişəm.

1671173921

– Sizə mane olmaq istəyənlər olub?

– Bu sualı mənə 17 yaşımda Elçin Əlibəyli vermişdi. Məndə böyük-böyük demişəm ki, mane olurlar. O da yaxşı cavab verdi ki, 17 yaşın var, ən baxımlı kanalda aparıcısan, nədən narazısan? O cavabı vaxtında alıb, yerimdə oturmuşam. Mane olanlar olub bəlkə də, indi görmürəm.

– Onlara necə cavab verirsiz?

– Uzaqlaşıram. Kim nankorluq edirsə, göstərdiyim münasibəti geri almıramsa, uzaqlaşıram.

1671173979

– Sizi heç vaxt aqressiv görməmişəm. Obrazdasız, yoxsa ümumiyyətlə əsəbləşmirsiz?

– Məni özündən çıxarmaq çox çətindir. Çəkilişlərdə gecikmələr olur və sairə, mən də ən son həddi gözləyirəm. Mənim səbrimin hüdudu bir az uzaqdadır. Çətindir məni əsəbi görmək. Hansısa bir iş prosesində zarafatyana dalaşa bilərik. Ərkim çatan adamlara səsimi yüksəldə bilərəm. Həqiqətən əsəbləşməyim üçün çox yol lazımdır.

– Deyək ki, əsəbisiniz. Etdikləriniz günah olmasa, hansı addımları atardınız?

– Ağlıma heç nə gəlmir. Görəsən, nə edə bilərəm? Elə bir şey yoxdur. Doğru bildiyim, sağlamlığıma zərər deyilsə, kimisə incitməyəcəmsə, hər şeyi edə bilərəm.

Seçilən
87
27
millitv.net

10Mənbələr