AZ

Azərbaycanın Türkiyədəki səfirliyində şəhidlərin xatirələri anıldı – FOTO

Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşelik Aparatının və Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən Yenicag.az-a verilən məlumata görə, Şuşa Konqres Mərkəzində təşkil olunan və Türkiyənin dövlət rəsmilərinin, Silahlı Qüvvələrin təmsilçilərinin, diplomatik korpus nümayəndələrinin, Türkiyədə təhsil alan azərbaycanlı hərbçilərin, şəhid ailələrinin, qazilərin və yerli ictimaiyyətin iştirak etdiyi tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Hər iki ölkənin dövlət himninin səsləndirilməsinin ardından şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidlərimizin xatirəsinə həsr olunmuş qısa film nümayişinin ardınca Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək 27 sentyabr 2020-ci ildə Azərbaycan ordusunun, Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək Vətən torpaqlarını işğaldan azad etdiyini bildirib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri Aygün Attar, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Əmrah Yücəns çıxış edərək, Vətən uğrunda canlarını fəda edən şəhidlərin heç vaxt unudulmayacağını qeyd ediblər.

Şəhid mayor Aqşin İbadovun qardaşı polkovnik-leytenant Məmmədhüseyn İbadov çıxışında şəhidlərin qanının yerdə qalmadığını, Vətən torpaqları işğaldan azad olunduğu üçün onların ruhunun şad olduğunu ifadə edib.

Azərbaycanda xidmət etmiş istefada olan general Əndər Günər Azərbaycanın istiqlal tarixini, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalı, 44 günlük Vətən müharibəsindən bəhs edən təqdimatla çıxış edib.

Tədbir şəhidlərin xatirəsinə həsr olunmuş fortepiano və tar ifaları ilə başa çatıb.

Seçilən
35
33
yenicag.az

10Mənbələr