Dünyanın ən məşhur içkiləri olan qəhvə və çayın sağlamlığımız üçün zərərli olduğuna dair bir çox iddialar səsləndirilib. Ancaq yeni bir araşdırma bu içkilərin ürək-damar sağlamlığına müsbət təsir göstərə biləcəyini göstərib. Çin və İsveç alimlərinin tədqiq etdikləri araşdırma qəhvə və çayda olan kofeinin ürək-damar sağlamlığı üçün faydalı olduğunu ortaya qoyub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, müntəzəm olaraq qəhvə və çay qəbul edən insanlarda hipertoniya, insult, şəkərli diabet və koronar ürək-damar xəstəliyi kimi kardiometabolik pozğunluqların inkişaf riski əhəmiyyətli dərəcədə azalır. Konkret olaraq, gündə üç fincan qəhvə və ya beş fincan çay içən iştirakçılar bu xəstəliklərin iki və ya daha çoxunun inkişaf riskini 40 faizdən çox azaldıblar. Tədqiqata cəlb edilən 300 mindən çox insanın sağlamlıq məlumatları orta hesabla 11 il izlənilib. Bu müddət ərzində həm qəhvə, həm də çay içən iştirakçıların ürək-damar sağlamlığında yaxşı nəticələr əldə edilib. Bu içkilər ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynaya bilər. Bundan əlavə, kofein istehlak edənlər qan testlərində aşağı xolesterol əlamətləri və yaxşılaşdırılmış insulin müqaviməti göstəriblər.
Çinin “Soochow” Universitetindən epidemioloq Xujia Lunun rəhbərlik etdiyi qrup bununla bağlı mühüm nəticəyə gəlib. Qeyd olunub ki, bu araşdırma qəhvə və çayın ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynaya biləcəyini göstərir. Bununla belə, bu tapıntıların əlavə araşdırmalarla təsdiqlənməsinə ehtiyac olduğu da bildirilib.
Tədqiqatın nəticələri “The Journal of Clinical Endocrinology & Metabolism” jurnalında dərc olunub.