Bakı, 1 oktyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində reallaşan müzakirələrdə iştirak edib və ADY-nin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində gördüyü işlər barəsində danışıb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Rövşən Rüstəmov dəmir yollarının qarşısında 2050-ci ilə qədər karbon emissiyalarını 40 faiz azaltmaq hədəfi qoyulduğunu və buna nail olmaq üçün günəş paneli daxil olmaqla bərpaolunan enerji resurslarından istifadənin genişləndirildiyini, nəticədə ADY-nin ötən il emissiyaların 9 faiz azaldılmasına nail olduğunu bildirib.
ADY sədri növbəti addım olaraq enerji səmərəliliyi və elektrikləşdirmə texnologiyalarının tətbiqi ilə dəmir yollarında infrastruktur yeniləmələrinin həyata keçirildiyini qeyd edib.
Rövşən Rüstəmov, eyni zamanda, ADY-nin bu il dəmir yollarının tarixində ilk dəfə olaraq “Dayanıqlılıq Hesabatı”nı dərc edəcəyini, bu hesabatda inkişaf səylərinin qlobal ekoloji hədəflərlə uyğunlaşdırılması ilə emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və ətraf mühitin qorunması üzrə əldə edilən nailiyyətlərin ətraflı təsvir olunacağını deyib: “Bərpaolunan enerji ilə yanaşı, infrastrukturu və qatarlarımızı yeniləməyə də sərmayə qoyuruq. Buraya enerji səmərəliliyi texnologiyalarının tətbiqi, logistikada təkmilləşmələr və dəmir yolu şəbəkəmizin elektrikləşdirilməsinin genişləndirilməsi daxildir. Elektrikləşdirmə, xüsusilə ümidvericidir, çünki bu, həm emissiyaları azalda, həm də əməliyyatlarımızı daha səmərəli edə bilər”.
ADY sədri çıxışı zamanı Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər beynəlxalq qurumlarla əməkdaşlıqların emissiyaları azaltmaq və dəmir yollarını müasirləşdirmək, dolayısı ilə beynəlxalq nəqliyyat bağlantılarını ekoloji cəhətdən təmiz etmək baxımından mühüm rola malik olduğunu qeyd edib.
Bu kontekstdə Avropa və Asiyanı Azərbaycan üzərindən birləşdirən Orta Dəhlizlə yükdaşıma müddətləri qısalır və nəqliyyat xərcləri 40 faizə qədər azaldılaraq daha sürətli tranzit imkanları yaradılır. Daha qısa müddətdə daha sürətli yük əməliyyatları yaşıl və dayanıqlı gələcəyi dəstəkləmək potensialı vəd edir.
Orta Dəhlizdən danışan Rövşən Rüstəmov, həmçinin bu ilin sentyabrın 20-də Avstriya, Türkiyə, Çin və bir neçə Mərkəzi Asiya ölkəsindən olan dəmiryol administrasiyalarının rəhbərləri ilə Avrasiya Nəqliyyat Marşrutu (ANM) Beynəlxalq Assosiasiyanın yaradılmasının müzakirə olunduğunu xatırladıb, ANM-in Orta Dəhliz boyunca dayanıqlı və inklüziv inkişafı təşviq edəcəyini, eyni zamanda, keçdiyi ərazilərdə ətraf mühiti və icmaları qorumaq öhdəliyinə sadiq qalacağını bildirib.